08.09.2024, 07:46
AZ EN
28.03.2023, 17:35 275

Deputat: Qərbi Azərbaycan İcması artıq dünyada tanınır və qəbul olunur

XƏBƏRLƏR
  • Qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan postmüharibə dövründə də inamlı addımlar atmaqdadır. Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması üçün atılan mühüm addımlar da deyilənlərin bariz nümunəsidir. Müharibədən sonra atılan addımlar, şəxsən Prezident İlham Əliyevin bu istiqamətdəki çıxışları Qərbi Azərbaycana qayıdışı bir az da yaxınlaşdırır. Mən deyərdim ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşü bu istiqamətdə əsaslı təkan rolunu oynayıb. Həmin görüşdəki çıxışında dövlətimizin başçısı xalqımızın uzun illər üzləşdiyi faciələri xatırlatmaqla yanaşı, müasir şəraitdə qarşıda duran vəzifələrə də toxunub. Məhz bu baxımdan, qeyd edə bilərik ki, hazırda yaranmış yeni reallıqlar kontekstində xalqımızın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

Bundan sonra qısa zaman ərzində görülən işlərin artıq Qərbi Azərbaycan İcmasının dünya tərəfindən tanınmasını və qəbul olunmasını reallığa çevirdiyini vurğulayan Vüqar İskəndərov deyib: “Təbii ki, bu işdə Azərbaycan dövlətinin qətiyyəti ilə yanaşı, İcmanın davamlı addımları da öz sözünü deyir. Bəlli olduğu kimi, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yanvarın 26-da keçirilmiş iclasında Qayıdış Konsepsiyasının layihəsi səsə qoyularaq təsdiqlənib. Sonra Konsepsiya İcmanın əsas orqanlarının genişləndirilmiş birgə iclasına təqdim olunub. Qeyd edim ki, Qayıdış Konsepsiyasının əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir. Yəni, Konsepsiya Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir”.

İcmanın beynəlxalq aləmdə də inamlı və uğurlu addım atmaqda olduğunu vurğulayan deputat əlavə edib: “Məhz bunun nəticəsidir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Əvvəlcə onu xüsusi olaraq qeyd edim ki, bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bu isə o deməkdir ki, Qərbi Azərbaycan İcması artıq dünyada tanınır və qəbul olunur. Konkret olaraq bəhs edilən son sənədə gəldikdə isə vurğulamalıyıq ki, Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. İcmadan yayılan açıqlamada qeyd edildiyi kimi, sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir. Bir sözlə, Konsepsiyanın BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir”. (AZƏRTAC)

Oxşar xəbərlər