Bu fikirlər türkiyəli analitik Deniz Kilislioğlunun “Milliyet” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
“Mətn razılaşdırılıb, amma yol uzundur” sərlövhəli məqalənin müəllifi Bakı ilə İrəvan arasında sülh sazişi layihəsinin təsdiqlənməsi ilə bağlı bəyanatı “ötən həftənin ən mühüm hadisələrindən biri” adlandırıb.
Kilislioğlu yazıb: “Otuz ildən artıqdır davam edən fikir ayrılıqlarının həlli istiqamətində çox mühüm addım atılıb, lakin yol hələ uzundur və proses çox kövrəkdir”.
Analitik qeyd edir ki, 17 bəndlik sənədin mətninə parlament səviyyəsində baxılmamışdan əvvəl İrəvan bir sıra konkret addımlar atmalıdır.
Nümunə olaraq, Kilislioğlu sülh sazişi layihəsində ərazi iddialarından qarşılıqlı imtina ilə bağlı bəndi göstərib. O yazıb: “Bu bəndin həyata keçirilməsi yalnız Ermənistan Konstitusiyasının mətninin dəyişdiriləcəyi təqdirdə mümkündür”. Analitik məntiqi sual verir: “Paşinyan Əsas Qanunun mətninin dəyişdirilməsi prosesinin sürətləndirilməsi məsələsində liderlik nümayiş etdirə biləcəkmi?”
Məqalədə Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair saziş layihəsinin bütün bəndlərinin, habelə bu sənədin əhatə dairəsindən kənarda qalan məsələlərin, o cümlədən sərhədin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılmasının həyata keçirilməsinin vacibliyinə diqqət çəkilir. (AZƏRTAC)