35-dən çox hökumət və BMT rəsmisini bir araya gətirən tədbirdə Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasının daha da sürətləndirilməsi, bu prosesdə uğurla həyata keçirilən azad edilmiş ərazilərin bərpa və yenidənqurma işlərinin rolu, minatəmizləmə və onun DİM-lərə təsiri, ətraf mühitin qorunması və su ehtiyatlarının səmərəli istifadəsi, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender və ölkəmizin BMT ilə digər əməkdaşlıq istiqamətləri diqqət mərkəzində olacaq.
Həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyasının keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, 2022-ci il martın 18-də Azərbaycan Hökumətinin BMT sisteminin müxtəlif agentlikləri ilə birgə Şuşa səhərində birgə tədbiri keçirilmişdir. Tədbir çərçivəsində azad edilmiş ərazilərdə dağıntıların miqyası və həyata keçirilən bərpa və yenidənqurma işləri BMT agentliklərinin nümayəndələrinə təqdim edilmiş, onlarla həm bu ərazilərdə, həm də ümumiyyətlə ölkə daxilində iş birliyinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. (AZƏRTAC)