21.11.2024, 21:59
AZ EN
14.02.2023, 21:33 334

XİN: Türkiyədə zəlzələ bölgəsindən 513 nəfər Azərbaycan vətəndaşı təxliyə olunub

XƏBƏRLƏR
  • Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara kömək göstərilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, ölkəmizin Türkiyədəki səfirliyində, İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında yaradılmış Operativ qərargahlar tərəfindən Türkiyə Respublikasının Daxili İşlər, Milli Təhsil və Səhiyyə nazirliklərində, eləcə də digər qurumlarla intensiv əməkdaşlıq şəraitində davam edir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, zəlzələnin baş verdiyi gündən etibarən 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. Zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesi davam etməkdədir.

“Eyni zamanda, zəlzələ bölgəsində yaşayan və ya müvəqqəti məskunlaşan, Azərbaycan Respublikasına təxliyə edilmək niyyətində olmayan vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, zərər görmüş əraziləri tərk etmək istəyənlər üçün müvafiq vilayətlərdə jandarma bölmələri tərəfindən təxliyə məntəqələri yaradılıb (təxliyənin həyata keçiriləcəyi yerlərin siyahısı əlavə olunur). Bu məntəqələrə müraciət edənlərin Türkiyənin təhlükəsiz bölgələrinə təxliyəsi Türkiyənin aidiyyəti qurumları tərəfindən ən uyğun hesab edilən vasitələrlə təmin olunur.

Fəlakət bölgəsini fərdi nəqliyyat vasitələri ilə tərk etmək istəyənlər ərazini tərk etmədən öncə yerlərdəki təxliyə məntəqələrini bununla bağlı xəbərdar etdikdən sonra təyinat şəhərlərindəki sığınacaq məntəqələrinə istiqamətləndiriləcəklər.

Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub. Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikasının vətəndaşlarının sayı 6-ya çatıb. Allah rəhmət eləsin!”, - deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər