“Azərbaycanlı ekofəallar ərazilərimizdəki ekoloji fəlakətə qarşı etiraz aksiyası keçirməkdədir və hər hansı blokadadan söhbət gedə bilməz” sərlövhəsi ilə yayılan müsahibədə Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekoloji fəalların ölkəmizin Qarabağ bölgəsində 50 gündən çoxdur keçirdikləri etiraz aksiyasına dair fikirlər yer alıb.
Samir Abbasov Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlandığını, bir milyondan çox azərbaycanlının yurd yerlərindən qovulduğunu, azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, işğal nəticəsində şəhərlərimizin, minlərlə kəndlərimizin, tarix və mədəniyyət abidələrimizin, dini inanc yerlərimizin vəhşicəsinə dağıdıldığını qeyd edib.
Diplomat Ermənistanın işğal etdiyi ərazilərimizdə 67 məsciddən 65-nin tamamilə dağıdıldığını, işğalçıların məscidlərimizdə heyvan və donuz saxlayaraq İslam irsini təhqir etdiyini vurğulayıb. Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini Ermənistan işğalından azad etdiyini, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli Bəyanata əsasən, ölkəmizin Qarabağ iqtisadi rayonunda erməni əhalinin yerləşdiyi ərazidə müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini qeyd edib.
Bildirilib ki, hazırda erməni separatçıları Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə aktiv fəaliyyət göstərir, Azərbaycan dövlətinin suveren hüquqlarını pozaraq bu ərazilərdə Azərbaycana məxsus qızıl və digər faydalı qazıntı yataqlarını talayır, bölgədə əsl ekoloji fəlakət və terror həyata keçirirlər. S.Abbasov belə cinayətlərə son qoyulması tələbi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji fəalların ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyası keçirildiyini vurğulayıb.
Müsahibədə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində mövcud təbii sərvətləRin talan olunduğu bildirilir, Ermənistanın həmişə olduğu kimi, öz cinayətlərini ört-basdır etmək üçün azərbaycanlı ekoloqların dinc etiraz aksiyasını Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində etnik ermənilərin humanitar fəlakətə məruz qalması kimi yalan məlumatlardan istifadə etdiyi və beynəlxalq ictimaiyyəti çaşdırdığı diqqətə çatdırılır.
Samir Abbasov aksiyanın ekoloji terrora son qoyulması və qanunsuz yolla talan edilmiş Azərbaycan sərvətlərinin xaricə çıxarılmasının qarşısının alınması tələbi ilə dinc şəraitdə keçirildiyini bir daha qeyd edib. O, ərazidə heç bir blokadanın və humanitar fəlakətin yaşanmadığını, yayılan məlumatların erməni təbliğatının əsassız dezinformasiyası olduğunu vurğulayıb. Diplomat hər gün Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və etnik ermənilərin məskunlaşdığı Xankəndi şəhərinə Laçın yolu ilə mülki şəxslərin və yüklərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərinin maneəsiz hərəkət etdiyini deyib.
Samir Abbasov Ermənistanın istehsal etdiyi minaların Laçın yolu vasitəsilə Azərbaycana gətirildiyini və onların sonradan Azərbaycan ərazilərində yerləşdirilməsi nəticəsində son iki ildə 300-ə yaxın dinc azərbaycanlının mina qurbanı olduğunu qeyd edib.
Müsahibədə qeyd olunub ki, 1920-ci illərdə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanla Naxçıvan arasında olan tarixi Zəngəzur mahalı Ermənistana verilmiş və Naxçıvan Muxtar Respublikası eksklava çevrilib. Ermənistanın Azərbaycana ərazi iddiaları başlayan 1988-ci ildən sonra Ermənistan öz ərazisindən keçən Naxçıvan yolunu bağlayıb və Azərbaycandan ayrı qalmış yarım milyona yaxın Naxçıvan sakini hələ də blokada şəraitində yaşayır. Üçtərəfli Bəyanata əsasən, Ermənistan Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməli olsa da, bu günə qədər öhdəliyini yerinə yetirməyib.
Bir daha xatırladılıb ki, işğal, etnik təmizləmə və cinayətlərə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sülh sazişi üçün Ermənistana 5 bənddən ibarət təkliflər göndərilib, Ermənistan isə bu günə qədər müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınır. (AZƏRTAC)