19.10.2024, 15:26
AZ EN
23.01.2023, 15:27 233

Kərim Kərimli: “Qalib olduğumuzu hər fürsətdə yada salmalıyıq!”

XƏBƏRLƏR
  • Şair-publisist, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Kərim Kərimli bu günlərdə “Şərq” qəzetinə doğma Xankəndi və bu ərazidə həmvətənlərimizin keçirdiyi ekoaksiya barədə danışıb. K.Kərimli deyir ki, istər uşaq vaxtı, istərsə də, yuxarı siniflərdə təhsil alanda dəfələrlə Xankəndiyə gedib. Sonra ali məktəbi bitirib Şuşada işləyəndə də Xankəndiyə gedirmiş. “Qarabağın işğalından əvvəl, sonuncu dəfə səhv etmirəmsə, 1991-ci il avqustun 22-si, ya da 24-ü olmuşdum Xankəndidə. İşğaldan sonra bir də 1998-ci ilin avqustunda Beynəlxalq çərçivədə burada olmuşam. Şəhəri çox yaxşı tanıyırdım. Xankəndi Şuşaya nisbətən böyük şəhərdi. Şuşa enişli-yoxuşludu, küçələrin hamısını gəzmək olur. Amma Xankəndidə küçələr çoxdu, bütün şəhəri gəzmək xeyli vaxt aparır. Şəhəri yaxşı gəzmişdim”.

Şair deyir ki, Xankəndini sevməyimin bir səbəbi də yəqin ki, mənim üçün böyük şəhər anlayışının məhz Xankəndi ilə formalaşmasına bağlıdır. Mən böyük şəhərlər necə olur, bunu Xankəndinin timsalında görmüşəm və sevmişəm. Xankəndi də böyük və gözəl şəhər idi. Geniş küçələri vardı, Pedaqoji İnstitut, idarələr, parklar, stadion... Sizə deyim ki, Xankəndi ötən əsrin 60-cı illərindən böyüməyə başlamışdı. Xankəndidə bolluq olub həmişə. Qarabağın digər bölgələrində kərə yağı tapılmayanda adamlar Xankəndiyə bazarlığa gəlirdi və istədiklərini alırdılar. Həm də digər bölgələrə nisbətən Xankəndidə ucuzluq idi. Xankəndidə “Qarabağ” stadionunda futbola da baxmışam.

Şuşadan Xankəndiyə mikroavtobus işləyirdi. Yaxşı restoranları vardı. Yəni böyük şəhəri təmsil edəcək hər şey vardı.

K.Kərimli onu da bildirir ki, bizdə o hiss yox idi, kimsə yolumuzu kəsə bilər, kimsə bizə sataşar. Ağlımıza da gəlimirdi qorxaq, çəkinək. Əksinə, Xankəndinin özümüzün şəhəri olması hissiyatımız vardı. Həm mənəvi, həm də maddi baxımdan Xankəndini öz şəhərimiz hesab edirdik.

Xankəndi ilə bağlı təssüratlarını bölüşdükdən sonra K.Kərimli bu gün həmin istiqamətdə keçirdiyimiz aksiyada iştirak etmədiyini bildirib. Bir neçə dəfə müraciət etsə də, bildiriblər ki, aksiyaya konkret bu müstəvidə - ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri cəlb edilir. “Bir neçə dəfə dostların köməyi ilə getmək istədim, hər dəfə nəsə problem yarandı, gedə bilmədim. İştirak etmək istədiyimi bildirəndə, soruşurlar ki, neçə yaşın var, qışdı, soyuqdu, neçə gün dözə bilərsən? Gülməyim gəlir, sabah mən Şuşada yaşayanda, soruşacaqlar ki, necə qala bilirsən orda, necə dözürsən şaxtalı havaya?! Qar, şaxta görməmişik məgər?!.”

Kərim müəllim hesab edir ki, bu aksiya Qarabağ uğrunda mübarizəmizin tərkib hissəsi və növbəti mərhələsidir. Üstünlüyü odur ki, bu, dinc aksiyadır. Heç kimə güllə atmırıq, heç kimi incitmirik. Əsir, girov götürmürük. Sadəcə, toplaşıb aksiya keçiririk, tələb edirik ki, Azərbaycanın təbii sərvətlərinin daşınmasına, talanmasına son qoyulsun. Hansı dövlət belə bir hala sakit qalar?! Tələb nədir – ekspertlər gedib yataqlara baxsın, monitorinq aparsın. Burada qeyri-qanuni nə var? Heç nə, ermənipərəst dövlətlər, səbəbdən çox nəticəni qabartmağa çalışırlar. Guya ki, Xankəndidəki ermənilər blokadadı, ərzaq tapılmır, uşaq yeməyi tapılmır... Amma deyilmir ki, niyə aksiya keçirilir.

Özümüzə gələndə isə baxılmalıdır ki, kimin aksiyada iştirakı ümumi mənafeyimizə uyğundur, kimin yox. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, Xankəndi ətrafında xammal ehtiyatları var və separatçılar necə ki, illərlə onları talan edib, yenə də davam etmək istəyir. Arkadi Manuçarov vardı, Qarabağ mərmər kombinatının, (o vaxt tikinti materialları kombinatı adlandırılırdı) direktoru idi. “Məşhur” “Krunk” təşkilatının rəhbəri. Sonra Ermənistan Ali Sovetinin, “DQMV”nin deputatı da seçilmişdi. O mərmər yataqları əslində Şuşanındı. Zərrin bağı deyilən ərazidədi. Manuçarov mərmər ehtiyatlarını daşıyıb qazanc əldə etdi, separtatçıları silahlandırdı. Qarabağ Avtomobil Nəqliyyatı İstehsalat Birliyinin sədri də, “Qarabağ” stadionunun direktoru da, o zaman Xankəndidəki varlı, vəzifədə olan ermənilər hamısı separatçılıqla və talançılıqla məşğul idilər. 1990-cı illərin əvvəllərində Azərbaycan hökuməti onları həbs etdi, ümumilikdə 102 nəfər Şuşa həbsxanasına salındı. Sonra hərəsi bir yolla azad olundu, soyqırımlara da başçılıq etdilər, separatçı hökumətdə təmsil olundular.

K.Kərimli deyir ki, aksiyanın sonu necə olacağını bilməsə də, bunu deyə bilər: “Birinci növbədə aksiyanın gedişində hər hansı insidentin, hər hansı təxribatın başvermə ehtimalının sıfır olmasına çalışmaq lazımdır. Tam hazırlıqlı olmalıyıq. Təbliğat da düzgün qurulmalıdır. Qarabağda separatçılıq yeni baş qaldıranda bunun əleyhinə olan ermənilər vardı. Onları separatçılar özləri müxtəlif yollarla, vasitələrlə aradan götürürdülər ki, işə mane olmasınlar. Mən yüz faiz əminəm ki, indi də ermənilər arasında Azərbaycan dövlətinin vətəndaşı olaraq sakit, rahat yaşamaq istəyən, buna can atan ermənilər var. Sizə bir faktı deyim. Mən 1998-ci ildə Xankəndiyə səfər edəndə orada bir erməni mənə yaxınlaşıb dedi ki, 200 nəfərlə, Azərbaycan bayrağını əllərində tutaraq cəbhə xəttini keçməyə hazırdırlar. Mənə dedi ki, bunu daxili işlər naziri Ramil Usubova çatdır. Bilirsiz də, sabiq daxili işlər naziri Xankəndində doğulub, orada işləyib. Mən o erməniyə söz verdim ki, çatdıracam. Bakıya qayıdanda çox çalışdım ki, nazirlə görüşüm. Mümkün olmadı, amma nazirlikdəki digər şəxslərə bunu dedim, ətraflı danışdım erməninin dediklərini. Görünür, o zaman məsləhət olmayıb, ya nəsə başqa səbəb vardı ki, Xankəndidə yaşayan ermənilərin xahişi, istəyi nəzərə alınmadı. Dediyim odur ki, ermənilər arasında separatçılığın, Azərbaycandan ayrılmağın, bir sözlə, müharibənin əleyhinə olanlar olub, indi də var. Onlardan istifadə edilməlidir. Onlar qorxurlar açıq müraciət etməyə, bilirlər ki, separatçılar günlərini qara edəcək, öldürəcəklər, işgəncə verəcəklər. Qarabağ münaqişəsi həll edilməmiş qaldığı zamanlarda ermənilər arasında Xankəndini tərk edib getmək istəyənlər çox idi. Onlara icazə verilmirdi. Xankəndidə zorla saxlanılan ermənilər çox olub. Onlar istəmirdilər övladları hansısa boş, mənasız xülyanın qurbanı olsun. Onların da beyni, düçüncə qabiliyyəti var da. Bilirdilər ki, gec-tez Azərbaycan torpaqlarına sahib çıxacaq, bu vəziyyət ömürlük belə qalası deyil. Başlarının çarəsinə baxmaq istəyirdilər, ancaq separatçılar imkan vermirdi. İndi də belədir. Bu reallıqları nəzərə alaraq biz erməni əhalisinə daha çox müraciət etməli, bəyanatla çıxış etməliyik. Onları inandırmağa çalışmalıyıq ki, Azərbaycan dövləti, Azərbaycan ordusu sizi qoruyacaq. Onları öz tərəfimizə çəkməliyik.

“Hesab edirəm ki, biz sülhməramlıların rəhbərliyi ilə münasibətləri yaxşı saxlamalıyıq. Onlar Xankəndidə, müvəqqəti nəzarətlərində olan ərazilərdə nə qədər insana kömək edir, bu kömək nədən ibarətdir, bu barədə məlumatlı olmalıyıq. Əsas isə daim mənəvi cəhətdən hücumda olmalıyıq. Öz üstünlüyümüzü, qalib olduğumuzu hər fürsətdə yada salmalı, erməni əhalisinə də bizimlə birgə yaşamaqdan başqa yolları olmadığını başa salmalıyıq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər