23.12.2024, 20:58
AZ EN
12.01.2023, 17:00 243

MEDİA ötən ilin yekunlarına dair hesabatını təqdim edib

XƏBƏRLƏR
  • Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun iştirakı ilə MEDİA-nın 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.

Konfransda Əhməd İsmayılov ötən il görülən işlər barədə məlumat verib. Bildirib ki, “Media haqqında” Qanun fevralın 8-də təsdiqlənib, MEDİA tərəfindən hazırlanmış 8 normativ hüquqi akt layihəsi imzalanıb, qəzet, xəbər saytı və jurnalistlərin məlumatlarının sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başlayıb. “Jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb, media məhsullarının və həmin məhsulların istehsalı (nəşri) ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad olunub”, - deyə İcraçı direktor vurğulayıb.

Çap mediasının rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə “E-köşk” qəzet və jurnalların rəqəmsal abunə və satış platforması, həmçinin Azərbaycanın ilk milli rəqəmsal media təhlil platforması “Metrix” proqramı istifadəyə verilib.

Qeyd edilib ki, beynəlxalq əməkdaşlığın qurulması çərçivəsində ümumilikdə 14 görüş keçirilib, xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib, Agentlik media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub. Milli Mətbuat Günündə 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri daxil olmaqla, ümumilikdə 200 nəfərin iştirakı ilə Şuşa şəhərində “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu keçirilib.

Əhməd İsmayılov bildirib ki, MEDİA-da 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər təşkil edilib, 60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar olub, media menecerlərin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib. MEDİA-nın İcraçı direktorunun sözlərinə görə, Anadolu Agentliyi ilə birgə jurnalistlər üçün hazırlanan onlayn videotəlim platformasına dair işlər yekunlaşmaq üzrədir.

Həmçinin Agentliyin hədəfləri barədə məlumat verən Ə.İsmayılov bildirib ki, əsas hədəflər ənənəvi medianın rəqəmsal mediaya uğurlu keçidinin təmin edilməsi, media subyektlərinin kadr, infrastruktur və texniki potensialının gücləndirilməsi, media subyektlərinin uğurlu biznes modelinin formalaşdırılması, cəmiyyətin mediaya etimadının artırılması, media subyektlərinin müasir dünya trendlərinə uyğunlaşdırılmasıdır.

MEDİA-nın fəaliyyət istiqamətləri barədə danışan Əhməd İsmayılov qeyd edib ki, bunlar əsasən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, mediaya dəstək layihələrinin həyata keçirilməsi, jurnalistlərin peşəkarlığının, media sahəsində təhsilin keyfiyyətinin artırılması, MEDİA-nın kommunikativ aktivliyi, beynəlxalq əməkdaşlığın inkişafı, araşdırma və təhlillərin aparılmasıdır.

Konfransın sonunda MEDİA-nın İcraçı direktoru jurnalistləri maraqlandıran sualları cavablandırıb. (AZƏRTAC)

Oxşar xəbərlər