Sərəncama əsasən, portalda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təqdimatı əsasında Proqramda qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər üzrə bölgüsü), layihələrlə bağlı (texniki-iqtisadi, ekspertiza və s.) məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələr yaradılmalıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Həmçinin, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini aparıb, nəticəsi barədə məlumatları ildə iki dəfə, hər ilin mart (2024-cü ildən) və sentyabr aylarının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Bundan başqa, Mərkəz 2025-ci və 2027-ci illərin mart ayının 25-dək tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları da hökumətə təqdim edəcək.
Sərəncamda Dövlət Proqramında nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanlara (qurumlara) bir sıra tapşırıqlar verilib: Bunlar aşağıdakılardır:
- nəzərdə tutlan tədbirlərin iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərinin (illər üzrə bölgüsü), layihələrlə bağlı (texniki-iqtisadi, ekspertiza və s.) məlumatların və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaların, aidiyyəti foto və videomaterialların ayda bir dəfə, hər ayın 5-dək Portalda yerləşdirilməsi;
- Proqramda nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məqsədilə rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təyin edilməsini və bu barədə məlumatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması;
- Proqramda nəzərdə tutulan icra müddəti iki il və daha artıq müddəti əhatə edən tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə, həmin müddətlər çərçivəsində illər üzrə bölgüsünün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması;
- Proqramın həyata keçirilməsi ilə bağlı görülən işlər və nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə monitorinqin və qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə ünvanlanması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ildə iki dəfə hər ilin yanvar (2024-cü ildən) və iyul aylarının 25-dək məlumatların təqdim edilməsi.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb ki, Proqramda nəzərdə tutulmuş tədbirlərin monitorinqinin və qiymətləndirilməsinin sifarişi və Portalın yaradılması xərclərinin maliyyələşdirilməsi ilə bağlı tədbirlər görsün.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə müvafiq müqavilənin bağlanılmasını təmin edəcəkdir.
Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinə və Sənaye və energetika şöbəsinə həvalə olunub.