"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, qeyd edib ki, Ermənistanın beynəlxalq hava limanı da Rusiyanın nəzarətindən çıxıb: "Hazırda Ermənistanın bütün sərhəd-keçid məntəqələri Ermənistan sərhədçiləri tərəfindən nəzarətdə saxlanılır".
Bununla belə, Ermənistan lideri ölkəsinin sərhədlərini qoruduğuna görə Rusiya hərbçilərinə minnətdarlıq edib: "Əlbəttə, oradakı fəaliyyətlərinə görə Rusiyaya minnətdarıq. Müstəqilliyimizin ilk illərində, 1990-cı illərin əvvəllərində biz bu cür xidməti göstərmək imkanına malik deyildik. Amma hazırda bu imkanımız var və potensialımızı inkişaf etdiririk".
Rusiyanın Ermənistandakı hərbi bazasına gəlincə, Nikol Paşinyan bildirib ki, onun rus hərbçilərinin Ermənistanda mövcudluğu ilə bağlı hansısa narahatlığı yoxdur. Eyni zamanda Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı hər hansı plan və ya proqram da mövcud deyil.
Nikol Paşinyan bununla Rusiya hərbi bazasının Ermənistandan çıxarılmayacağına işarə edib. O, Ermənistanın Rusiya ilə sıx tərəfdaş olduğunu da xüsusi vurğulayıb.
Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb.
Elxan SALAHOV