Konfransda C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 60-a yaxın iştirakçı təmsil olunub.
BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinin tamhüquqlu üzvünə çevrilməsi regional əməkdaşlıqda mühüm mərhələdir. Onun sözlərinə görə, bu addım Xəzər dənizi hövzəsi boyunca daha inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına töhfə verərək, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrini daha da möhkəmləndirəcək.
Rəsmi açılış mərasimindən sonra konfrans panellərlə davam etdirilib.
"Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi" mövzusunda birinci sessiyada formal institutların zəruriliyi və çevik əməkdaşlıq formatlarının effektivliyi müzakirə edilib. Sessiya çərçivəsində mövcud mexanizmlər (məsləhətləşmə platformaları, ekspert şəbəkələri və iqtisadi təşəbbüslər) dəyərləndirilib.
Həmçinin regional dialoqun institusionallaşdırılmasında beyin mərkəzlərinin rolu, C6 ölkələrinin beynəlxalq platformalarda mövqelərinin əlaqələndirilməsi və humanitar əməkdaşlığın davamlı mexanizmlərə çevrilməsi məsələləri diqqət mərkəzində olub.
"Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf" sessiyasında Transxəzər regionu və Orta Dəhliz çərçivəsində regional sinerji və rəqabət məsələləri müzakirə olunub. Sessiyada C6 ölkələri arasında enerji əməkdaşlığı, investisiya imkanları və mövcud maneələr, eləcə də ekoloji çağırışlar və etimadın möhkəmləndirilməsi kimi mövzulara toxunulub.
"Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi" mövzusundakı sessiyada təhlükəsizlik sahəsində mövcud ümumi və fərqli təhdidlər təhlil edilib. (Report)