19.12.2024, 16:35
AZ EN
07.11.2024, 20:25 160

Azərbaycan strateji əhəmiyyəti və potensialı sayəsində TDT-də xüsusi rol oynayır - Azər Qarayev

XƏBƏRLƏR
  • Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı (TDT) mühüm mövqeyi və bölgə üçün strateji əhəmiyyəti, həmçinin, ölkənin iqtisadi potensialı bu təşkilatda xüsusi rol oynayır.

Bunu açıqlamasında politoloq Azər Qarayev deyib.

"Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələri birləşdirən vacib regional qurumdur. Azərbaycanın təşkilatda mühüm mövqeyi və bölgə üçün strateji əhəmiyyəti, həmçinin, ölkənin iqtisadi potensialı bu əməkdaşlıqda xüsusi rol oynayır.

Azərbaycan Türk Dövlətləri Təşkilatında həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli yerə malikdir. Ölkənin zəngin təbii sərvətləri, xüsusilə enerji resursları təşkilat daxilində strateji əhəmiyyətini artırır.

Bundan əlavə, Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyi regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır. Azərbaycan Türk dünyasında siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirmək üçün müxtəlif layihələrə liderlik edir", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, TDT həm siyasi, həm iqtisadi cəhətdən yeni güc mərkəzinə çevrilməkdədir.

"Bu təşkilatın hazırkı qlobal geosiyasi vəziyyətdə həm iqtisadi, həm də siyasi cəhətdən güc mərkəzinə çevrilməsi türk dünyası üçün mühüm irəliləyiş olar. Ölkələrin daha çox inteqrasiyası onların müstəqilliklərini və regional təsirlərini gücləndirir, onların qlobal arenada daha böyük rol oynamasına imkan yaradır.

Təşkilatın yeni bir blok kimi formalaşmasında enerji resursları, nəqliyyat dəhlizləri və rəqəmsal texnologiyaların inkişafı sahəsindəki ortaq təşəbbüslər əsas amillərdəndir. Azərbaycanın təşəbbüsləri ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı artırır və onları beynəlxalq enerji bazarlarında önəmli oyunçuya çevirir", - deyə o bildirib.

Politoloq qeyd edib ki, TDT Orta Dəhliz kimi mühüm nəqliyyat yollarını da inkişaf etdirərək, Asiya və Avropa arasında strateji körpü rolunu oynamaqdadır.

"Prezident İlham Əliyev də noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Zirvə Görüşündə çıxışı zamanı bir sıra önəmli mövzulara, o cümlədən, regionun və Azərbaycanın tranzit potensialına toxunub. Azərbaycan Orta Dəhlizin və Şərqlə Qərbi birləşdirən marşrutun əsas hissəsi olaraq regionda nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır.

Bu dəhliz Orta Asiyadan Avropaya qədər uzanan ticarət marşrutu olaraq Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da möhkəmləndirir. Bu marşrutun effektivliyini artırmaq və Türk Dövlətləri arasında ticarəti sürətləndirmək üçün əsas addımlardan biri də onun rəqəmsallaşdırılmasıdır. Bunun əsas məqsədi Orta Dəhlizdə məlumatların daha sürətli və dəqiq emalını təmin etməkdir.

Bu, logistika əməliyyatlarının şəffaflığını artırır, gömrük prosedurlarını sadələşdirir və malların vaxtında çatdırılmasını asanlaşdırır. Rəqəmsallaşma, eyni zamanda, tranzit zamanı təhlükəsizlik və izləmə sistemlərini təkmilləşdirərək, ticarət prosesini daha təhlükəsiz edir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, dövlət başçımız çıxışında, həmçinin, dünyada artan təhlükələri qeyd edərək, təhlükəsizlik və müdafiə sənayesi sahələrində ölkələrimizin əməkdaşlığının böyük əhəmiyyətini vurğulayıb.

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib, ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir.

Düşünürəm ki, TDT çərçivəsində ortaq hərbi təlimlərin artırılması, təhlükəsizlik məsələlərində əlaqələrin gücləndirilməsi, sərhəd təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində də əməkdaşlığın genişləndirilməsi vacibdir. Üzv dövlətlər hərbi sənaye sahəsində təcrübə mübadiləsi apararaq, öz milli müdafiə sənayelərini inkişaf etdirmək və müasir texnologiyalara əsaslanan silah və avadanlıq istehsalını genişləndirmək imkanı qazanırlar. Bu da TDT ölkələrinin müstəqil müdafiə potensialını artırır və onları beynəlxalq təhlükəsizlik mühitində daha güclü edir", - politoloq qeyd edib. (Trend)

Oxşar xəbərlər