"Vətən səsi" xəbər verir ki, belə bir iddia ilə Türkiyə parlamentinin erməniəsilli keçmiş üzvü Qaro Paylan çıxış edib. O, özünün sosial media hesabında yazıb ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı artıq heç bir manə qalmayıb və tərəflər mübahisə doğuran bütün məsələləri razılaşdırıb: "Mart ayında Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsinin üçüncü ölkə vətəndaşları üçün açılması gözlənilir. Azərbaycan-Ermənistan sülh prosesinin dayanıqlılığı böyük ölçüdə gələcəkdə Türkiyənin atacağı addımlardan asılıdır".
Xatırladaq ki, Türkiyə və Ermənistan arasında təxminən 328 kilometr uzunluğunda sərhəd xətti var. Həmin sərhədlər şimalda Gürcüstan, cənubda isə Araz çayı vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kəsişir. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar 1993-cü ildən bağlı olan sərhədlər Ankaranın İrəvanla münasibətlərinin normallaşdırılması çərçivəsində, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün 1 yanvar 2026-cı ildən etibarən qismən açılması gözlənilir. Bunun üçün isə Ermənistan öz konstitusiyasını dəyişməli, Azərbaycana və Tüerkiyəyə qarşı ərazi iddiualarına dair müddəaları ana qanundan çıxarmalıdır. İrəvan sülh müqaviləsinin imzalanması qarşılığında rəsmi Bakının irəli sürdüyü bu tələbi yerinə yetirəcəyini vəd edib. Həmin vədin bu ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərindən dərhal sonra gerçəkləşəcəyi gözlənilir. Artıq Ermənistan hökuməti konstitusiya dəyişikliyinə gediləcəyini rəsmən bəyan edib.
Elxan SALAHOV