17.02.2026, 16:17
AZ EN
17.02.2026, 14:30 25

Babacanyan Azərbaycanla münasibətlər barədə: "Reallıqla barışmasaq..."

XƏBƏRLƏR
  • "Qırx dörd günlük müharibə təkcə Ermənistan və Azərbaycan arasında mövcud olan qeyri-bərabərliyi yox, həm də digər reallıqları üzə çıxardı. Məlum oldu ki, ən yaxın tərəfdaşlarımız çətin vəziyyətlərdə bizə kömək etmək niyyətindən uzaqdır. Ona görə də kənardan kömək gözləməməli, yalznız öz gücümüzə arxalanmalıyıq".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistandakı "Respublika" partiyasının sədri Arman Babacanyan deyib. O, İkinci Qarabağ müharibəsindən sonra regionda baş verənləri şərh edərkən bildirib ki, Ermənistanın gələcəyi siyasət və dövlət idarəçiliyi ilə məşğul olanların çevik qərarlar qəbul etməsindən və reallıqları nə dərəcədə nəzərə almasından asılı olacaq: "Siyasət istək və xəyallar üzərində qurulmamalıdır, əks halda bu, fəlakətə gətirib çıxarır. Ermənistanın ən yeni tarixinin ən ağır dərsi budur: onilliklər boyu siyasət maksimalizm üzərində qurulmuşdu, özü də real strategiya və kifayət qədər resurs olmadan. Reallıq üzərində qurulmayan siyasət bizi uğursuzluğa düçar etdi".

Erməni siyasətçi vurğulayıb ki, Azərbaycan Birinci Qarabağ müharibəsi dövründə məğlub olsa da, itirilmiş əraziləri işğal altında saxlanıldığı dövründə hərbi büdcəsini, iqtisadi potensialını artırmaqla həm də dünyanın texnoloji nailiyyətlərinə əlçatanlıq imkanı qazandı. Onun sözlərinə görə, məhz sürətli və hətərəfli inkişaf sayəsində Azərbaycan dövləti özünə yeni müttəfiqlər tapıb, strateji planlar həyata keçirib: "Azərbaycan hökuməti uzun illər bu cür mühüm addımlar atarkən Ermənistan heç nə etməyib. Bu, İrəvan üçün strateji düşüncə böhranı idi. Ermənistan cəmiyyətində uzun müddət belə bir inanc vardı ki, 1990-cı illərin müharibəsindəki qələbəmiz Qarabağ məsələsini bağlayıb. Amma bu düşüncə qarşı tərəfin məqsəd, imkan və zaman faktorunu nəzərə almamışdı. Ermənistanda özünüaldatma xarici dayaqların səhv hesablamaları ilə daha da güclənmişdi. Rusiya qeyd-şərtsiz müdafiəçi kimi qəbul edilmişdi, halbuki heç bir böyük dövlət öz maraqlarının tələb etdiyindən artıq müdafiə təmin etmir. Uzun müddət “qələbənin qorunması” kimi təqdim edilən şey, əslində, güc balansını saxlamaq üçün yetərli alət və imkanlar olmadan strateji donma vəziyyətinə çevrilmişdi. Qırx dörd günlük müharibədəki ağır məğlubiyyətdən sonra Ermənistan hətta dövlətçiliyini itirmə təhlükəsi ilə üz-üzə qaldı. Lakin Paşinyan və komandası İlham Əliyevin şərtlərini qəbul etməklə bu şok reallığı geri qaytardı".

Siyasətçi hesab edir ki, reallıq Ermənistanın strategiyasının başlanğıc nöqtəsi olmalıdır: “Bu baxımdan, regionda gedən sülh prosesi ilk dəfə maksimalizmə deyil, maraqların hesabına əsaslanır. Ermənistan və Azərbaycan qarşılıqlı strateji nəticəyə gəlib və faktiki olaraq qəbul ediblər ki, müharibə hər iki tərəf üçün dalandır. Sülhün real təməli vasitəçilər deyil, iki dövlətin siyasətlərinin dəyişməsidir. İrəvan və Bakı anladıqda ki xarici güclərin təsir rıçaqlarını azaltmağın ən etibarlı yolu münaqişənin gərginliyini azaltmaq və addımların koordinasiyasıdır, xarici müdaxilə avtomatik zəiflədi. Amma sülh imkanı realizm qədər kövrəkdir. Əgər Ermənistan yenidən maksimalist ritorikaya və əsaslandırılmamış tələblər siyasətinə qayıdarsa, qarşı tərəf qaçılmaz olaraq güc hesabına geri dönəcək. Sülhün arxitekturası tərəflərdən biri təmin edə biləcəyindən daha artığını tələb etməyə başladığı anda dağılır".

Arman Babacanyan vurğulayıb ki, Ermənistan hakimiyyəti indiki geosiyasi reallıqları nəzəzrə almadan dövlətin varlığını qoruyub saxlaya bilməz. Onun sözlərinə görə, siyasət real güclərin hesabına əsaslandıqda, kiçik dövlətlər mövcud ola və inkişaf edə bilir: “Bu, dövlətin mövcudluq şərtidir. Tarixdə belə nümunələr çox olub".

Elxan SALAHOV

Oxşar xəbərlər