22.11.2024, 15:45
AZ EN
24.11.2023, 19:32 228

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə gördüyü işlər əməkdaşlıq üçün yeni imkanlar yaradacaq - Şavkat Mirziyoyev

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə gördüyü işlər əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) sammitində çıxışı zamanı deyib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan nəhəng quruculuq işləri, şübhəsiz ki, regional əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratmağa xidmət edəcək", - o vurğulayıb.

Mirziyoyev xüsusilə qeyd edib ki, Azərbaycanın səmərəli sədrliyi dövründə SPECA çərçivəsində regional əməkdaşlıq tamamilə yeni səviyyəyə yüksəlib.

“Əsası Daşkənddə qoyulmuş bu mühüm platforma Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün regional tərəfdaşlığın effektiv mexanizmi kimi öz aktuallığını açıq şəkildə nümayiş etdirdi”, - o deyib.

Şavkat Mirziyoyev həmçinin qeyd edib ki, SPECA çərçivəsində ticarət, rabitə, nəqliyyat və logistika, rəqəmsallaşma, enerji, su ehtiyatları, ekologiya, gender bərabərliyi və digər sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi, strategiyalar üzrə 400-dən çox layihə həyata keçirilib, ticarətin asanlaşdırılması və innovativ inkişafı üçün strategiyalar qəbul edilib.

Qeyd edək ki, noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunan sammit keçirilir.

Hazırda SPECA-nın üzv ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə edilə biləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün subregional platforma təklif edir.(Trend)

Oxşar xəbərlər