"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O, qeyd edib ki, "Tramp marşrutu" proqramı eyni zamanda Ermənistan üçün mühüm təhlükəsizlik zəmanətləri də yaradacaq: "ABŞ hökumətinin ən yüksək səviyyədə dəstəklədiyi "Tramp marşrutu" genişmiqyaslı investisiya proqramıdır və bu layihə Ermənistan üçün yüz milyonlarla dollar həcmində sərmayənin cəlb olunmasını nəzərdə tutur".
Baş nazir ABŞ-ın bu layihədə iqtisadi maraqlarının olmadığına dair səsləndirilən fikirlərə də münasibət bildirib. Paşinyan vurğulayıb ki, "Tramp marşrutu"nun tamamilə iqtisadi məntiq üzərində qurulan ABŞ kimi nəhəng dövlətin maraqlardan kənarda qalması mümkün deyil: "ABŞ kimi iqtisadi məntiqə əsaslanan bir ölkənin maraqları olmaya bilərmi? Prezident Donald Trampın siyasətini izləmirsinizmi? Onun bütün qərarları iqtisadi əsaslara söykənir. İqtisadi inkişaf, rifah və bunun üçün zəruri olan təhlükəsizlik Tramp üçün əsas prioritetdir. Bu yanaşma öz ölkəsinin maraqlarını rəhbər tutan bütün dövlət başçıları üçün keçərlidir".
Ermənistan lideri bildirib ki, regional kommunikasiyaların açılmasına dair strateji proqramın həyata keçirilməsi üçün Rusiya ilə də əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır: "Biz istəyirik ki, Rusiya tərəfi ilə bu məsələdə əməkdaşlığımızı gücləndirək. Bu mövzuda yazılı müraciət etmişik. Düzünü deyim, hələ Rusiya tərəfindən yazılı cavab alınıb-alınmadığını bilmirəm amma ümumilikdə müsbət siqnallar alırıq və ümid edirik ki, proses sürətləndiriləcək".
Paşinyan əlavə edib ki, "Tramp marşrutu" regionun nəqliyyat arxitekturasını tamamilə dəyişəcək. Onun sözlərinə görə, Qərblə Şərqi birləşdirən mühüm tranzit qovşağı rolunu oynayacaq bu strateji layihə Rusiya və Çünin də marağındadır: "Ona göğrə də biz bütün tərəflərlə sıx əməkdaşlıq edir və münasibətləri şaxələndirilmiş sahələr üzrə inkişaf etdirmək istəyirik. Biz həm Rusiyayla, həm də Çinlə çox sıx əməkdaşlıq edirik. Mən Rusiya Prezidenti ilə iki-üç görüş keçirmişəm və münasibətlərimizi bütün sahələrdə inkişaf etdiririk".
Elxan SALAHOV