Ermənistan Qazaxın və Naxçıvanın anklav ərazilər hesab olunan 8 kəndini Azərbaycana qaytarmağa hazırlaşır. Artıq bununla bağlı razılaşmanın icrasına başlanılır.
"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan deyib. Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının həmin ərazilərə girişi artıq qadağan edilib: “Ermənistanla Azərbaycan sülh danışıqları çərçivəsində anklav kəndlərlə bağlı razılaşmalara uyğun olaraq ölçmə işləri başa çatıb, indi yalnız təhvil-təslim və qəbula dair texniki mərhələlərin razılaşdırılması qalıb. Dünən məlum oldu ki, Azərbaycanın tələb etdiyi 8 kənd qaytarılacaq və azərbaycanlılar tezliklə orada öz nəzarətlərini təmin edəcəklər. Bununla yanaşı, Azərbaycan tərəfi anklavlararası yol üçün də ərazi tələb edirlər”.
Ermənistan vətəndaşlarının həmin ərazilərə girişinin qadağan edildiyini xüsusi vurğulayan politoloq deyib ki, mühüm bir xəbər də verib. Onun sözlkərinə görə, hökumətin həmin ərazilərə girişə qadağa qərarından xəbərsiz olan iki nəfər Qazaxın anklav sayılan Yuxarı Əskipara kəndinə girmək istəyərkən Ermənistan polisi tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin iki şəxs - Avetis Avetisyan və Henrik Mkrtçyan adlı Ermənistan vətəndaşları “döyüş qardaşlığı” təşkilatının üzvləridir.
Qevondyanın iddiasına görə, Qazaxın kəndlərinin Azərbaycana təhvil verilməsinə Qərb də etiraz etmir. Onun sözlərinə görə, həmin kəndlər və rəsmi Bakının tələb etdiyi digər ərazilər Azərbaycanın nəzarətinə qaytarıldıqdan sonra təhlükəsizlik məsələlərini təmin etmək üçün beynəlxalq struktur da yaradıla bilər: "Arıq proseslər paralel başlayıb, Ermənistan-Türkiyə münasibətləri də xeyli aktivləşib. Müəyyən irəliləyişdən sonra Rusiya və 102-ci bazası Ermənistandan çıxarılacaq”.
Elxan SALAHOV