"Vətən səsi" xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Serhey Kopırkin deyib. O, Rusiya və Ermənistan arasında ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın fəal inkişaf etdiyini söyləsə də, siyasi münasibətlərdə müəyyən çətinlikləin olduğunu gizlətməyib: "Ölkələrimizin Xarici İşlər və Müdafiə nazirlikləri arasındakı əlaqələrin dinamikası bizim təşəbbüsümüzlə azalmadı. İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə və onları hər cür məhdudlaşdırmağa məcbur etməyə çalışan “kollektiv Qərb”in açıq təzyiqidir. Buna baxmayaraq, biz Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətlərinin saxlanılması və hər iki ölkənin fundamental maraqlarına uyğun dərinləşdirilməsinə çalışırıq. Biz Ermənistan hakimiyyətinin problemli məsələlərin aradan qaldırılması üçün işləmək niyyətini açıq şəkildə deyirik. Bunun praktikada tətbiqini səbirsizliklə gözləyirik. Biz öz tərəfimizdən buna hazırıq”.
Sergey Kopırkin Rusiyanın İrəvanla Bakı arasındakı dialoqda vasitəçi olmaq istəyindən də danışıb. Səfir deyib ki, Rusiya Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan imtina etməyib: "Rusiya prezidenti Vladimir Putinin tərəfdaşları ilə son təmasları və telefon danışıqları bunun əyani təsdiqidir".
Səfir bildirib ki, Rusiya münaqişə tərəfləri arasında dialoq üçün hər cür kömək göstərməyə davam edəcəyini öhdəsinə götürüb: "Rusiya tərəfinin sülh sazişinin işlənib hazırlanmasına yanaşması dəyişməz olaraq qalır. Çünki bu, prezidentimizin imzaladığı sənəddə qeyd olunub. Təbii ki, belə yardımın həcmi və formaları tərəflərin hər biri üçün məqbul olmalıdır. Üçtərəfli razılaşmalara uyğun olaraq, Moskva sülh müqaviləsi layihəsi üzrə danışıqlar üçün platformanı uğurla təmin etdi. Bunu gələcəkdə də etməyə hazırıq. Biz hər iki nümayəndə heyətinin seçdikləri ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət veririk”.
Kopırkin deyib ki, Qərbdəki super güclərdən fərqli olaraq, Rusiya Cənubi Qafqazı heç kimlə qarşıdurma zonası hesab etmirik: "Qərbin regionu qarşıdurma meydanına çevirmək, ölkəmizin maraqlarına istənilən vasitə ilə zərbə vurmaq istəyini aydın şəkildə anlayırıq. Biz iki müttəfiqimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını bölünməz təhlükəsizlik və davamlı sosial-iqtisadi inkişaf arxitekturasının qurulması üçün əvəzsiz ilkin şərt hesab edirik. Qalan fikir ayrılıqlarının tezliklə həllinə və üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında uğurlu irəliləyişlərə ümid edirik. Bundan sonra da Rusiyaya dost olan iki ölkənin və xalqların barışması üçün hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə hazırıq".
Elxan SALAHOV