19.03.2025, 03:02
AZ EN
26.10.2022, 10:05 382

Xalqa bağışlanmış ömürdən anlar: 1975-ci il

XƏBƏRLƏR

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

25 mart. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev kinematoqrafçıların III qurultayında iştirak edib.

5 aprel. Yaz-tarla işlərinin vəziyyəti ilə əlaqədar Azərbaycan KP MK-da müşavirə keçirib.

7 may. Faşizm üzərində qələbənin 30 illiyinə həsr edilmiş təntənəli yığıncaqda məruzə edib.

30 iyul. Azərbaycan KP MK-nın plenumunda çıxış edib.

11-12 avqust. Bərdə və İmişli rayonlarına səfər edib.

16 avqust. Tovuz rayonuna səfər edib.

20 avqust. Kür üzərində yeni hidrotexniki qurğunun tikintisi ilə tanış olub.

28 avqust. SSRİ-nin ali məktəblərində təhsil almağa göndərilən tələbələrlə görüşdə nitq söyləyib.

2 oktyabr. Azərbaycanda sovet ədəbiyyatı günlərinin təntənəli açılışında çıxış edib.

4 oktyabr. Sergey Yeseninin Mərdəkandakı ev-muzeyinin açılışında iştirak edib.

6 oktyabr. Səməd Vurğunun ev-muzeyinin açılışında iştirak edib.

13 oktyabr. Pambıqçılıq rayonlarının rəhbərlərinin zona müşavirələrində çıxış edib.

27 oktyabr. Bakı məişət kondisionerləri zavodunun tikintisində iştirak edən yapon şirkətlərinin nümayəndələri ilə görüşüb.

31 oktyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

20 noyabr. Üzeyir Hacıbəyovun ev-muzeyinin açılış mərasimində nitq söyləyib.

28 noyabr. Moskvada Üzeyir Hacıbəyovun 90 illik yubileyinə həsr olunmuş təntənəli gecədə iştirak edib.

13 dekabr. Müslüm Maqomayevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib.

23 dekabr. Bakıda keçirilən Ümumittifaq elmi konfransında məruzə edib.

25 dekabr. Bakı məişət kondisionerləri zavodunun açılışı münasibətilə keçirilən mitinqdə nitq söyləyib.

X X X

Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövrü kinomuz yeni inkişaf yoluna qədəm qoyması ilə səciyyəvidir. “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi tarixi filmlər məhz həmin dövrdə yarandı. Kinematoqrafiya sahəsində çalışanların məişət şəraiti yaxşılaşdırıldı, onlara fəxri adlar verildi. Azərbaycan kinematoqrafçılarının III qurultayında iştirak edən Heydər Əliyev milli kinomuzun uğurlarını qeyd etməklə yanaşı, bu sahənin inkişafı ilə bağlı dəyərli tövsiyələrini verdi.

Heydər Əliyev respublikaya rəhbərliyi dövründə regionların inkişafını daim diqqətdə saxlayır, rayonlara müntəzəm səfərlər edir, kənd təsərrüfatının yüksəlişinə yönəlmiş tədbirlər görürdü.

Bu baxımdan Ulu Öndərin 1975-ci il avqustun 16-da Tovuza səfəri diqqəti cəlb edir. Həmin vaxtdan etibarən rayonda sənaye və istehsal müəssisələrinin yaradılması, üzümçülüyün inkişafı başladı. Heydər Əliyev 1975-ci, 1977-ci, 1980-ci ildə Tovuza səfər edərək rayonda görülən işlərlə tanış olmuş, kənd zəhmətkeşləri ilə görüşlər keçirmişdi.

Cənubi Qafqazda analoqu olmayan və Kür çayından saniyədə 3,6 kubmetr su vuran nasos stansiyası, Kür çayı üzərindən Ceyrançöl qışlaqlarına gedən böyük körpünün salınması, qəsəbə və kəndlərdə çoxmənzilli yaşayış evlərinin, yeni mədəniyyət və istirahət obyektlərinin, xəstəxanaların tikilməsi məhz həmin dövrə təsadüf edib.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən gənclərin təhsilini diqqətdə saxlayırdı. Ulu Öndər SSRİ-nin ali məktəblərinə göndərilən tələbələrlə, demək olar, hər il görüşür, onların qayğıları ilə maraqlanırdı. Belə görüşlərdən biri də 1975-ci il avqustun 28-də keçirildi. Bu diqqət və qayğının nəticəsi olaraq, ötən əsrin 70-80-ci illərində Sovet İttifaqının nüfuzlu ali məktəblərində 15 mindən çox azərbaycanlı gəncin təhsil alması, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanması təmin olundu.

Həmin dövrdə Azərbaycanda yeni muzeylərin yaradılması prosesi geniş vüsət almışdı. Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Mərdəkanda Sergey Yeseninin ev-muzeyi açıldı. Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər görkəmli şəxsiyyətlərin memorial-xatirə, mənzil-muzeyləri məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ərsəyə gəldi.

1975-ci il dekabrın 25-də Azərbaycan iqtisadiyyatında mühüm rol oynayan Bakı Məişət Kondisionerləri zavodu işə salındı. Bu nəhəng sənaye kompleksinin Bakıda tikilməsi Heydər Əliyevin xidməti idi. Bakı Məişət Kondisionerləri zavodu Sovet İttifaqında miqyası və texnoloji səviyyəsinə görə bu tipli dördüncü sənaye kompleksi hesab olunurdu.

Heydər Əliyevin zaman və ədəbiyyat haqqında fikirləri

• Tarixin bir-birinə qovuşdurduğu əsrlər bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirdə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şerlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur. Onlar xalqın azadlığı və səadəti haqqında öz dərin fikirlərini və sönməz arzularını əsrlərdən nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik zülmətindən keçirərək nəsillərə bəxş etmişlər.

AZƏRTAC

Oxşar xəbərlər