"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirinin müşaviri Dmitri Litskay deyib. O, hətta rəsmi Moskvanın ABŞ prezidenti Donald Tramın şərəfinə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP" adlandırılan Zəngəzur dəhlizi layihəsinə etiraz etdiyini də gizlətməyib: "Cənubi Qafqazda Rusiya və İrandan yan keçən nəqliyyat layihələri mahiyyət etibarı ilə sərfəli deyil və region ölkələri arasında əməkdaşlığa xələl gətirmək məqsədi daşıyır".
Rusiyalı diplomat Zəngəzur dəhlizini nəzərdə tutaraq bildirib ki, bölgədə nəqliyyat kommunikasiyalarının yaradılması mövzusu çox fəal müzakirə olunur. Ancaq onun fikrincə, bu məsələdə iqtisadiyyatdan daha çox geosiyasi maraqlar rol oynayır: "Əslində yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı məsələlərdə əsas amil logistik xərc və marşrutların rentabelliyidir. Amma Qərb tərəfdaşlarının Cənubi Qafqazda təşviq etdiyi marşrutlar Rusiya və İrandan yan keçir, bu layihələr iqtisadiyyatdan çox geosiyasətə əsaslanır".
Dmitri Litskay onu da əlavə edib ki, Azərbaycan vasitəsilə Qazaxıstandan Ermənistana daşınan yüklərin təhlükəsiz və operativ şəkildə ünvanına çatdırılması təcrübəsi də bölgədə yeni nəqliyyat dəhlizləri ilə bağlı Rusiyanın mövqeyini təsdiqləyir. Onun fikrincə, son yükdaşıma təcrübəsi göstərir ki, region ölkələri siyasi iradə olduğu halda öz marşrutlarını qura bilərlər.
Rusiyalı diplomat region ölkələrinin yeni əməkdaşlıq formatı olan 3+3 platformasının da Kremldə dəstəkləndiyini söyləyib. O, Zəngəzur dəhlizi layihəsinə maraq göstərən digər ölkələri nəzərdə tutaraq qeyd edib ki, əgər onlar regiona konstruktiv ideyalarla gəlirlərsə, 3+3 formatı xarici qüvvələrlə əməkdaşlığı istisna etmir: "Moskvada keçirilmiş ilk görüş bu formatın çox aktual olduğunu bir daha göstərdi. Rusiya regiondakı proseslərin müzakirəsi zərurətini nəzərə alaraq yeni görüşlərin keçirilməsini gözləyir. Növbəti görüşün Azərbaycan və Ermənistanda keçirilməli, məkan seçiminin tərəfdaşların qərarına buraxıldığı qeyd edilib".
Elxan SALAHOV