Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
13 fevral. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev respublika partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.
1 aprel. Ağdam rayonunda partiya-təsərrüfat fəalları ilə görüşüb.
5 aprel. Azərbaycan kinematoqrafçılarının V qurultayında iştirak edib.
8 aprel. Respublika aqronomlarının müşavirəsində nitq söyləyib.
10 aprel. Sumqayıt şəhərinin partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.
11 aprel. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 60 illik yubiley tədbirində nitq söyləyib.
15 may. Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib.
7 iyun. Şüvəlan qəsəbəsində Yaradıcılıq evinin açılış mərasimində iştirak edib.
12 iyun. Azərbaycan yazıçılarının VII qurultayında çıxış edib.
19 iyun. Partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.
3 iyul. Ağdaş rayonunda səfərdə olub.
6 iyul. Pambıqçılıq rayonlarının partiya-təsərrüfat fəallarının zona müşavirələrini keçirib.
8 iyul. Bakı şəhərində Kitab evinin açılış mərasimində iştirak edib.
25 iyul. İsmayıllı rayonunun partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.
31 avqust. Məşhur Norveç səyyahı və alimi Tur Heyerdal ilə görüşüb.
5 sentyabr. Bərdə rayonunun partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.
8 sentyabr. Pambıqçılıq rayonlarının rəhbərlərinin zona müşavirələrini keçirib.
14 sentyabr. Şamaxı rayonuna səfər edib.
15 sentyabr. Üzümçülük rayonlarının zona müşavirələrində çıxış edib.
21-22 sentyabr. Bakı şəhərində keçirilən Ümumi və Tətbiqi Kimya üzrə XII Mendeleyev qurultayında çıxış edib.
26 sentyabr. Neft və Kimya İnstitutunun 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
6 oktyabr. Nizami Gəncəvinin 840 illik yubiley tədbirində iştirak üçün Bakıya gəlmiş qonaqları qəbul edib.
21-22 oktyabr. Mingəçevirdə Azərbaycan DRES-nin tikintisində çalışan işçilərlə görüşüb.
23 oktyabr. Yazıçı Mirzə İbrahimovun 70 illik yubiley tədbirində çıxış edib.
26 oktyabr. Xaldan kənd orta məktəbində olub.
18 noyabr. “Literaturnaya qazeta”da “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsi dərc olunub.
24 noyabr. Böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin 780 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
27 noyabr. “Azərbaycanın tarix və mədəniyyət abidələri” sərgisini ziyarət edib.
30 noyabr. Azərbaycan Teatr Cəmiyyətinin VII qurultayında iştirak edib.
1 dekabr. Aktyor Hüseyn Ərəblinskinin 100 illik yubiley mərasimində iştirak edib.
5 dekabr. Zəlzələdən zərər çəkmiş İsmayıllı rayonunda vəziyyətlə yerində tanış olub.
10 dekabr. Azərbaycanın Xalq şairlərinə mükafatların təqdim olunması mərasimində nitq söyləyib.
10 dekabr. C.Naxçıvanski adına internat məktəbin (indiki C.Naxçıvanski adına Hərbi Lisey) 10 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.
11 dekabr. Xalq şairləri Süleyman Rüstəm və Balaş Azəroğluna mükafatların təqdim olunması mərasimində nitq söyləyib.
23 dekabr. Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) 60 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.
X X X
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə partiya-təsərrüfat fəalları ilə tez-tez görüşür, bölgələrə səfərlər edir, rayonların təbii şəraitinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalına dair tövsiyələrini verirdi. Təkcə 1981-ci ildə Ağdam, Sumqayıt, Ağdaş, İsmayıllı, Bərdə, Şamaxı və Mingəçevirə səfər etmişdi. Bu səfərlər iqtisadiyyatın müəyyən sahələrində mövcud problemlərin həlli, əhalinin rifahının yüksəldilməsi yönündə qərarların qəbul edilməsi ilə nəticələnirdi. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 1981-ci ildə respublikada 1 milyon 15 min tondan çox pambıq istehsal olundu. Üzüm istehsalı on il ərzində 200 min tondan 2 milyon tonadək artırıldı. 1976-1980-ci illərdə respublikada meyvəçilik daha intensiv əsaslarla inkişaf etdirildi və 20 min hektara qədər alma və armud bağları salındı.
Heydər Əliyev 1981-ci il oktyabrın 21-22-də Mingəçevirə səfəri çərçivəsində Azərbaycan DRES-nin tikintisində çalışan işçilərlə görüşdü, növbəti hədəfləri müəyyənləşdirdi. O dövrdə Mingəçevirdə energetika ilə yanaşı, digər sahələr də sürətlə inkişaf edirdi. Elektrotexnika, kimya və neft-kimya, maşınqayırma, yüngül sənaye, yeyinti məhsulları, tikinti materialları və başqa sənaye sahələri də genişlənərək Mingəçeviri keçmiş SSRİ miqyasında tanıtdı.
Respublika rəhbəri ən çətin anlarda əhalinin yanında olurdu. 1981-ci ilin dekabrında güclü zəlzələdən zərər çəkmiş İsmayıllı rayonuna gələn Heydər Əliyev dağılmış evlərə baxdı, insanlara təskinlik verdi, təbii fəlakətin nəticələrinin qısa vaxtda aradan qaldırmasına dair vəzifələri müəyyənləşdirdi.
1981-ci ildə Azərbaycanın mədəni-ədəbi həyatı dahi şair Nizami Gəncəvinin 840 illik yubileyinin, böyük alim və mütəfəkkir Nəsirəddin Tusinin 780 illiyinin qeyd edilməsi ilə əlamətdar oldu. Respublika rəhbəri hələ 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul etmiş, bununla da nizamişünaslıq elminin tarixində yeni bir dövr başlamışdı. 1981-ci ildə isə Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar qəbul edildi. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsi yaradıldı. Şairin “Xəmsə”sinin yenidən nəşri sahəsində qızğın iş başladı.
Heydər Əliyev 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşündə həmin dövrü xatırlayaraq demişdi: “1981-ci ildə biz Nizaminin ədəbi irsinin öyrənilməsi haqqında böyük bir qərar qəbul etdik. Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tuturdular ki, 840 il yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”.
1981-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə böyük alim və mütəfəkkir Nəsirəddin Tusinin 780 illik yubileyi də geniş qeyd olundu, adına medal təsis edildi, abidələr yaradıldı. Opera və Balet Teatrında keçirilmiş yubiley tədbirində dahi rəhbər şəxsən iştirak etdi.
Ulu Öndərin aktyor Hüseyn Ərəblinskinin anadan olmasının 100 illik yubiley mərasimində, Azərbaycan Teatr Cəmiyyətinin VII qurultayında, S.Vurğun adına Rus Dram Teatrının 60 illik yubiley tədbirində iştirak etməsi də respublikanın mədəni həyatında yaddaqalan hadisələrdən oldu.
Heydər Əliyev, eyni zamanda, müasiri olduğu yaradıcı insanların fəaliyyətini yüksək qiymətləndirirdi. 1981-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun 70 illik yubiley tədbirində, Xalq şairləri Süleyman Rüstəm və Balaş Azəroğluya mükafatların təqdim olunması mərasimində, respublika yazıçılarının VII qurultayında iştirakı buna bariz nümunələrdir.
1981-ci ildə Ümumi və Tətbiqi Kimya üzrə XII Mendeleyev qurultayının Azərbaycanda keçirilməsi müvafiq elm sahəsinin inkişafına təkan verdi. Heydər Əliyevin qurultayda proqram xarakterli çıxışı respublikada elmi tədqiqatların genişlənməsi ilə nəticələndi.
Gənc nəslin təhsilini daim diqqət mərkəzində saxlayan Heydər Əliyev regionlarda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi işinə xüsusi diqqət yetirirdi. 1981-ci ildə Yevlax rayonuna səfəri çərçivəsində Xaldan məktəbinə baş çəkən dahi rəhbər orada yaradılmış şəraitlə tanış oldu, təlim-tədris məsələləri ilə bağlı tövsiyələrini verdi.
1981-ci ildə Bakıda kitab evi açıldı. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə açılan kitab evi onun xalqın maariflənməsi, mənəvi inkişafı istiqamətində atılmış növbəti addımlardan biri idi. Həmin ildə respublikamızda fəaliyyət göstərən kitabxanaların (o cümlədən kütləvi, elmi, təhsil, texniki və s.) sayı 8900-ü ötmüşdü.
Respublika rəhbəri Azərbaycana səfər edən alimlərlə, yaradıcı insanlarla da görüşməyə imkan tapırdı. 1981-ci ildə Bakıya ilk dəfə gəlmiş Norveç səyyahı və alimi Tur Heyerdalın Heydər Əliyevlə görüşü isə sonralar dostluğa çevrildi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinin birinci dövründə həyata keçirdiyi nəhəng işlər İttifaq miqyasında da diqqəti cəlb edirdi. SSRİ-nin nüfuzlu mətbuat orqanları ondan müsahibələr almağa can atırdılar. “Literaturnaya qazeta”nın 1981-ci il 18 noyabr nömrəsində dərc edilmiş “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsi Sovet İttifaqında böyük əks-səda doğurmuşdu. İlk dəfə idi ki, SSRİ-nin tərkibindəki respublikaların rəhbərlərindən biri mövcud nöqsanları cəsarətlə tənqid edir, həmin dövr üçün aktual problemlərdən danışırdı.
Heydər Əliyevin “Qoy ədalət zəfər çalsın” sərlövhəli müsahibəsindən
• Ziyalını səciyyələndirən ən əvvəl nədir? Ali təhsil diplomu? Elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir.
• Övladlarını, nəvələrini, qohum-əqrəbasını öz kafedrasına, laboratoriyasına, institutuna düzəldən, üstəlik, qabil olsalar da, olmasalar da dissertasiya hazırlamaq, elm pillələri ilə yuxarı qalxmaq üçün onlara imtiyazlı şərait yaradan professorlara, hətta akademiklərə ziyalı deməyə necə dil gələr?
• Bizdə yaxşı qanunlar az qəbul edilməmişdir, məsələ onların dəqiq və sözsüz həyata keçirilməsindədir. Hər hansı qanun yalnız o zaman yaşayır ki, yerinə yetirilsin - özü də hamı tərəfindən və hər yerdə.
• Rəhbər işçinin mənəvi siması, mənəvi nümunəsi adamların tərbiyəsində mühüm amildir. Əgər rəhbər işçi, məsələn, tribunadan xırda burjua psixologiyasının qalıqlarını qamçılayıb lənətləyirsə, şəxsi həyatında isə öz vəzifəsindən sui-istifadə edirsə, sərvət toplamaqla, qızıl almaq, alver etməklə məşğul olursa, həyatda əşyadan və puldan başqa heç bir sərvət tanımayan adamdan yüz qat təhlükəlidir.
• Rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər onun ətrafında dolanır. Rüşvətxor əlaltından dublyonka paltosu satmır, dövlətin mənafeyini satır, öz fəaliyyətini satır, başqa birisi isə pul verib bunları alır.
• Biz idealist deyilik və iddia etmirik ki, xeyrin şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq. Sapıntılar vardır və yenə də olacaqdır, lakin bunlar dərhal qanunun, rəhbərliyin, ictimaiyyətin diqqətini cəlb edəcəkdir.
Heydər Əliyevin Azərbaycan yazıçılarının VII qurultayında nitqindən
• Azərbaycan ədəbiyyatı tarixində 70-ci illər xüsusi yer tutur. Bu illər respublika yazıçılarının və şairlərinin böyük yaradıcılıq dövrüdür, bir çox istedadlı ədəbiyyatçıların yetkinlik çağına qədəm qoyduğu illərdir. Azərbaycan şerinin, nəsrinin və dramaturgiyasının ən sanballı əsərlərinin Ümumittifaq miqyasında bəyənilməsi onu göstərir ki, ədəbiyyatımız yüksəliş yolundadır.
• 70-ci illərdə Azərbaycan ədəbiyyatının fərqləndirici xüsusiyyəti əxlaq problemlərinə, insanın mənəvi axtarışlarına yazıçıların həm gənc, həm də yaşlı nəslinin ardıcıl diqqət vermələridir. Bədii publisistika həyatın gündəlik faktlarına analitik diqqəti dərinləşdirmişdir.
• Əldə olunan nailiyyətləri layiqincə qiymətləndirərək, eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan Yazıçılar İttifaqının, ayrı-ayrı yazıçıların yaradıcılığında nöqsanlar və qüsurlar az deyildir. Mövzu aktuallığı arxasında gizlənən çiy, səthi nəsr, poeziya və dramaturgiya əsərlərinin meydana çıxması ilə barışmaq olmaz. Bədii cəhətdən dayaz, sönük yazılar oxucuların haqlı narazılığına səbəb olur.
• Hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır. Əvvəlki nəsillərin istedadı və əməyi ilə yaradılmış bütün sərvətləri mənimsəmədən və mümkün olmadığı kimi, əvvəlki təcrübəyə arxalanmadan müvəffəqiyyətlə irəli getmək olmaz.
• Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Dilimizin jarqon, dialekt ifadələri ilə zibillənməsinə yol vermək olmaz.
• Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq İttifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmlətmək, mədəniyyətin, mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barəsində düşünmək lazımdır.
• Azərbaycan ədəbiyyatşünaslığının və tənqidin vəzifələri geniş və çoxcəhətlidir. İctimai bədii-estetik zövqləri formalaşdırmaq, incəsənətdə sönüklüyə, durğunluğa, xalturaya, yabançı baxışlara qarşı mübarizə aparmaq işində ədəbiyyatşünaslığın və tənqidin rolunu gücləndirmək lazımdır.