“Oktyabrın 20-si Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gün idi. Çünki 20 oktyabr Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümü idi. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana və Cəbrayıla səfəri xüsusi məna daşıyır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Vüqar İskəndərov bildirib ki, tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır: “Bu birlik isə özündə inkişaf və sabitliyi ehtiva edir. 44 günlük Vətən müharibəsi və ondan sonra baş verənlər də birliyimizin əbədi olduğunun növbəti təsdiqidir. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu, bizə əlavə güc verirdi, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı”.
Vüqar İskəndərov qeyd edib ki, bir il öncə istifadəyə verilən Füzuli Hava Limanının açılışında da Türkiyə Prezidenti iştirak etmişdi: “Prezident İlham Əliyevin bəyan etdiyi kimi bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik. Yəni bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Ərdoğanın səfəri çərçivəsində istifadəyə verilən “Dost Aqropark”ın adı da özlüyündə hər şeyi deyir. Bu, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha bir nümunəsidir. Onu da deyim ki, Türkiyə şirkətləri bölgədəki inşaat işlərində də fəal şəkildə iştirak edirlər. O cümlədən Zəngilan Beynəlxalq Hava Limanının inşasında da qardaş ölkənin şirkətləri yaxından iştirak edib”.
APA