18.01.2026, 17:04
AZ EN
03.12.2025, 13:25 229

Ermənistan müxalifəti Ki-Uest danışıqlarının da açıqlanmasını istəyir

XƏBƏRLƏR
  • "Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın göstərişi ilə Azərbaycanla münaqişə dövründə Qarabağla bağlı aparılan danışıqlara dair dünən yayılan 13 sənəd haqqında heç bir tutarlı mövqe ortaya qoya bilmir. Paşinyan həmin sənədləri yaymaqla faktiki olaraq rəqiblərini ifşa edib. Müxalifət isə yayılan sənədlərdə əksini tapa faktlar qarşısında aciz qalıb və indi deyirlər ki, niyə Ki-Uest danışıqlarının da detalları açıqlanmır?"

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın Qarabağ münaqişəsi dövründə Azərbaycan tərəfi ilə apardığı sülh danışıqlarında uduzduğunu göstərən sənədlərin yayılmasını erməni ictimaiyyətində geniş rezonans doğurub. Baş nazir Nikol Paşinyan isə sənədlərin yayılmasından narahat olan müxalifətin niyə Ki-Uest danışıqlarına dair sənədlərin də yayılmamasına belə cavab verib: "Qarabağ münaqişəsinin həlli üzrə bizdən əvvəl aparılan danışıqlar paketini açıqlayandan sonra deyirlər ki, bəs, Ki-Uest paketi niyə yayımlanmayıb? Bu sualın da cavabı var: çünki o sənədlər Ermənistan hökumətinin nəzarətində deyil".

Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də münaqişə dövründə Qarabağla bağlı aparılan danışıqlara dair 13 sənəd yayımlayıb. Sənədlər bunları əhatə edir: ATƏT-in Minsk qrupunun tövsiyələri (2019), Ermənistan Baş nazirliyinə namizəd Serj Sərkisyanın parlamentdə bəyanatları, Krakov sənədləri, Serj Sərkisyanın Vladimir Putinə məktubu, ATƏT-in Minsk qrupunun 2016-cı il üçün təklifləri, Rusiyanın təklif etdiyi paket, Kazan sənədləri, Madrid Prinsipləri, Mehri və Qarabağın mübadiləsi variantı, ATƏT-in Minsk qrupunun əhatəli tövsiyələri, ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon Sammitində bəyanatı, Budapeşt Zirvə Bəyannaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri.

Ki-Uest danışıqları isə 24 il əvvələ təsadüf edib. 2001-ci il aprelin 3-də Florida ştatının Ki-Uest şəhərində ilk dəfə olaraq ABŞ-ın dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan Prezidenti Heydər Əliyev, Ermənistan Prezidenti Robert Koçaryanın birgə görüşüb. O zaman prezident Heydər Əliyevin ABŞ-a işgüzar səfəri 14 gün davam edib. Səfər çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fasiləsiz olaraq 4 gün (3-6 aprel) danışıqlar keçirilib.

Elxan SALAHOV

Oxşar xəbərlər