23.12.2024, 09:37
AZ EN
25.01.2023, 16:51 257

AŞPA-da Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji cinayətdən danışılıb

XƏBƏRLƏR
  • Silahlı münaqişələrin ətraf mühitə təsirinə dair müzakirələr gələcəkdə də davam edəcək. Səbəb qitəmizdə və dünyada irili-xırdalı münaqişələrin davam etməsi, müharibələrin, silahlı qarşıdurmaların digər sahələrə göstərdiyi mənfi təsirlər kimi, ətraf mühitə də gecsağalan, bir sıra hallarda isə sağalmaz yaralar vurmasıdır. Otuz ilə yaxın müddətdə ərazisinin 20 faizi işğala məruz qalmış və bu müddətdə təbiəti çox ciddi ziyan görmüş bir ölkənin təmsilçisi kimi bu vəziyyət mənə yaxşı tanışdır.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun qış sessiyasında “Silahlı münaqişələrin ətraf mühitə təsiri” adlı məruzənin müzakirələri zamanı deyib.

Deputat bildirib ki, o, erməni işğalından azad edilmiş Azərbaycan ərazilərini ziyarət edərkən dəhşətə gəlib. Min kilometrlərlə ərazi sanki atom müharibəsindən sonrakı vəziyyətdə idi. Hər şey dağıdılmış, daş üstündə daş qalmamışdı. Bütün tikililər, abidələr, torpağın üstündəki hər şeylə bərabər, bitki örtüyü, meşələr, ağaclar da məhv edilmişdi.

“Azərbaycanın erməni silahlı qüvvələrinin işğalı altında olmuş ərazilərində 460 növdən çox yabanı bitki növləri məhv edilib ki, onlardan 70-i endemik növ olub və dünyanın heç bir yerində təbii halda bitmir. Azərbaycanın işğal olunmuş 7 rayonunda 247 min 352 hektar meşə sahəsi, o cümlədən 131 min 97,5 hektar qiymətli meşə sahələri, 152 təbiət abidəsi var idi. Onların hamısı məhv edilib. Törədilmiş yanğınlar nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib. Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsində - Zəngilan rayonunda idi və Bəsitçay vadisində 117 hektar sahəni əhatə edirdi. O meşə haqqında indi yalnız keçmiş zamanda danışa bilirik. Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşəsinin yerləşdiyi ərazidə ermənilər ağac emalı sexi açmış və meşələri qəddarcasına doğrayıb yox ediblər. Zəngilan rayonunun Muğanlı kəndində Ermənistan İranla birlikdə ağac emalı zavodu açaraq, Zəngilan, eləcə də işğal altında olmuş digər ərazilərdən meşələri kütləvi şəkildə qıraraq ora daşıyırdılar. Yüz illər boyu yaranmış o meşələrin yerində indi torpağı yanıb qaralmış boş düzənliklər uzanır. Floranın belə qəddarcasına dağıdılması nəticəsində bu ərazilərin iqlimi də kəskin şəkildə dəyişməyə məhkumdur. Dağıdılmış binaların, yolların, körpülərin əvəzinə bir neçə ilə əvvəlkindən də qat-qat yaxşılarını yaratmaq mümkündür. Amma məhv edilmiş təbiəti, yaralanmış ekologiyanı bərpa etmək üçün yüz illər lazımdır. Budur münaqişələrin, müharibələrin əsas fəsadı, vurduğu yaraların dərinliyi”, - deyə R. Hüseynov erməni işğalı zamanı Azərbaycan ərazilərinin flora və faunasına vurulan ziyanla bağlı danışarkən vurğulayıb.

Diqqətə çatdırılıb ki, müharibənin, ekoloji təcavüzün Azərbaycan təbiətinə nə dərəcədə zərər vurduğunu daha yaxşı bilən ekoloqlar ötən ilin sonundan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi, sərvətlərin talan edilməsinə və ermənilərin özbaşınalıqlarına son qoyulmasını tələb edən etiraz aksiyasına başlayıblar. Çünki Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il ərzində işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycana qarşı ekoloji terror törədilib, bir çox faydalı qazıntı yataqları qanunsuz istismar edilib. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra uzun illər qanunsuz istismar və talan olunan yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında qeyri-qanuni istismar halları davam etməkdədir.

Qeyd edilib ki, insanların ərazi işğalından dəfələrlə təhlükəli ekoloji həmlələrə qarşı etiraz səsləri bütün münaqişə bölgələrində yüksəlməlidir. Çünki münaqişələrin, müharibələrin ekologiyaya vurduğu zərbələr həmişə zahirən göründüyündən daha geniş coğrafiyanı əhatə edir, sərhəd tanımır. Belə hallara qarşı mübarizə yalnız həmin münaqişələrin cərəyan etdiyi yerlərdəki insanlarla məhdudlaşmamalı, səylərin qovuşduğu ortaq bir hərəkata çevrilməlidir. (AZƏRTAC)

Oxşar xəbərlər