Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Əli Əsgərovun Tenessi Texnologiya Universitetinin professoru Maykl Gunterlə birgə qələmə aldığı “Forgotten Exile: The Deportations of Azerbaijanis by the Armenians in the Caucasus during the Twentieth Century” (“Unudulmuş sürgün: XX əsrdə Qafqazda azərbaycanlıların ermənilər tərəfindən deportasiyası”) adlı kitab bu ilin oktyabrında “Brill” nəşriyyatında çap olunub.
Nəşrdə XX əsr boyunca Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiyalar arxiv sənədləri, müsahibələr və geniş elmi mənbələr əsasında araşdırılıb. Kitabın digər mühüm özəlliyi müəllifin 1988-ci ildə öz ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçürülməsinə dair xatirələrinə də yer verməsidir. Əsər bölgədə azərbaycanlıların etnik tərkibinin dəyişdirilməsi proseslərini faktlarla təqdim edir. Kitabın hazırlanmasına Diasporla İş üzrə Dövlət Komitəsi də dəstək göstərib.
“Roots and Ruins: Life in a Lost Village and Twenty-One Years of Soviet Citizenship” (“Köklər və xarabalıqlar: İtirilmiş kənddə həyat və Sovet vətəndaşlığının iyirmi bir ili”) adlı ikinci kitabda müəllif doğulduğu Qarabağ kəndində və Ermənistanda yaşayan azərbaycanlıların gündəlik həyatından, sosial quruluşundan, təhsilindən, təsərrüfat fəaliyyətindən, həmçinin etnik gərginliklərin yüksəldiyi dövrdə baş verən hadisələrdən bəhs edir. Nəşr sovet dövründə azərbaycanlıların öz yurdlarından çıxarılması və mədəni irsin məhvi ilə bağlı dəyərli məlumatlarla zəngindir.
Hər iki kitab Qərbi Azərbaycanda tarixi, demoqrafik və sosial proseslərin elmi tədqiqi baxımından dəyərli mənbə hesab oluna bilər. (AZƏRTAC)