"Vətən səsi" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsi yaradılır: "Bu hadisə Cənubi Qafqazda sülhün bərqərar olmasına real, nəzərəçarpacaq töhfədir. Eyni zamanda Rusiyanın regiondakı bütün dövlətlər üçün regional sabitliyin və iqtisadi inkişafın təşviqi üzrə səylərini nümayiş etdirir".
Overçuk vurğulayıb ki, yeni marşrut Rusiyanın region ölkələri ilə nəqliyyat əlaqələrini gücləndirir, Avrasiya İqtisadi Birliyinin digər üzv ölkələrinin malları üçün Ermənistan bazarlarına çıxış imkanlarını artırır və erməni istehsalçıları üçün ittifaq bazarlarına çıxış imkanlarını artırır: "Bu yolda gedən ilk yükün - Rusiya taxılının həyat və yaradıcılığın ən mühüm simvollarından biri olması rəmzidir. Bu Rusiyanın Cənubi Qafqazda sülhün bərqərar olması və qarşıdurmadan əməkdaşlığa keçmək istəyinin təsdiqidir".
Overçuk onu da iddia edib ki, yeni dəmir yolu xəttinin açılışı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020 və 2021-ci illərdə əldə etdiyi razılaşmaların, habelə üç ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupunun səylərinin nəticəsidir: "Mən həmkarlarıma – Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevə və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryana Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin qurulmasında göstərdikləri birgə səylərə, habelə Gürcüstana bu marşrut üzrə daşımaların təşkilində konstruktiv iştirakına görə təşəkkür etmək istərdim".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstanda həmkarı Qasım-Jomart Tokayevlə görüşərkən mətbuata açıqlamasında rəsmi Bakının Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir"
Elxan SALAHOV