03.12.2025, 00:41
AZ EN
02.12.2025, 18:15 1

Azərbaycan-Türkiyə strateji xətti Avrasiyada yeni geosiyasi arxitekturanın əsasını formalaşdırır

XƏBƏRLƏR
  • Avrasiyada son illər müşahidə olunan geosiyasi dəyişikliklər regional güc balansının yenidən qurulduğunu göstərir. Xüsusilə Cənubi Qafqazdan Orta Asiyaya qədər uzanan geniş məkanda nəqliyyat, enerji və təhlükəsizlik sahələrində yeni inteqrasiya xəttinin formalaşması diqqəti cəlb edir. Bu prosesdə Azərbaycan–Türkiyə tərəfdaşlığı aparıcı rol oynayır.

Bu fikirləri a açıqlamasında türkiyəli politoloq, Beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasındakı strateji sinxronizasiya təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, həm də Avrasiyada yeni geosiyasi modelin formalaşmasına xidmət edir.

“Şuşa Bəyannaməsindən sonra Bakı–Ankara münasibətləri müttəfiqlik çərçivəsində institusional xarakter alıb. Bu model Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlıq mexanizmlərinə sistemli məzmun verir və regionda yaranan yeni nizamın əsas istiqamətlərini müəyyənləşdirir”,– deyə o bildirib.

Ekspert qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional təhlükəsizlik mühitində yeni reallıq yaradıb və bu reallıq Türkiyənin siyasi və hərbi texnologiya potensialı ilə tamamlanır: “Prezident İlham Əliyevin formalaşdırdığı hərbi-siyasi balans, həmçinin diplomatik masada yaradılan tarazlıq Azərbaycanı passiv aktordan aktiv geosiyasi mərkəzə çevirib. Türkiyənin SİHA, hava müdafiə və elektron müharibə sistemləri ilə bu reallığın möhkəmləndirilməsi TDT məkanında kollektiv təhlükəsizlik mexanizmini gücləndirir”.

Mehmet Emir Aksoy iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın da strateji roluna diqqət çəkib: “TANAP, Cənub Qaz Dəhlizi və Trans-Xəzər nəqliyyat xətti kimi layihələr Azərbaycanı regional enerji memarı, Türkiyəni isə enerji və logistika mərkəzi kimi möhkəmləndirib. Orta Dəhlizin rəqəmsallaşması, liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi bu xətti alternativ marşrutdan strateji seçimə çevirir”.

Ekspert hesab edir ki, Azərbaycan–Türkiyə əməkdaşlığı Türk dünyasına yalnız iqtisadi tərəfdaşlıq modeli deyil, həm də uzunmüddətli təhlükəsizlik və inkişaf çərçivəsi təqdim edir.

“Bu əməkdaşlıq enerji, təhlükəsizlik, nəqliyyat və rəqəmsal transformasiya sahələrini birləşdirən kompleks bir strategiyaya çevrilib. Avrasiyada formalaşan yeni nizamın əsas sütunlarından biri məhz bu tərəfdaşlıqdır. Bakı–Ankara xətti region ölkələri üçün sabitlik, iqtisadi dinamizm və strateji koordinasiya imkanları yaradır və gələcək nəsillərin təhlükəsizlik arxitekturasını müəyyən edən əsas geosiyasi çərçivəyə çevrilir, – deyə Aksoy əlavə edib. (AZERTAC)

Oxşar xəbərlər