21.11.2025, 15:31
AZ EN
21.11.2025, 15:03 1

Gürcüstan portalında “Cənubi Qafqazın yeganə hərbi-siyasi lideri kim oldu?” sərlövhəli məqalə dərc olunub

XƏBƏRLƏR
  • Gürcüstanın nüfuzlu “kvirispalitra.ge” portalında “Cənubi Qafqazın yeganə hərbi-siyasi lideri kim oldu?” sərlövhəli məqalə dərc edilib.

Məqalədə hərbi ekspert İrakli Aladaşvilinin İkinci Qarabağ müharibəsi, onun nəticələri və 8 Noyabr - Zəfər Günü ilə bağlı fikirləri əksini tapıb. Məqalədə yazılıb ki, bu il noyabrın 8-də Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünü paytaxt Bakıda möhtəşəm hərbi paradla qeyd etdi.

Müəllif, eyni zamanda, bu il sentyabrın 3-də Çinin İkinci Dünya müharibəsində faşizm üzərində və yapon istilasına qarşı mübarizədə qələbənin 80-ci ildönümü münasibətlə Pekində keçirilmiş hərbi paradı xatırlayır. Bildirir ki, əsas məsələ təkcə Azərbaycan Ordusunun Bakının mərkəzi meydanına nə qədər və hansı tip tanklar, zirehli texnika, artilleriya qurğuları, raket kompleksləri, kamikadze aparatları yerləşdirməsi və ya Bakı səmasında nə qədər döyüş təyyarəsinin uçuşu deyil, tamam başqa məsələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti dünyaya sübut etdi ki, illərdən bəri güc hesabına itirilənlər elə güc hesabına geri qaytarılır.

Azərbaycan dövləti istər 2020-ci ilin 44 günlük müharibəsində, istərsə də 2023-cü ilin 23 saatlıq antiterror tədbirlərində bütün çətinliklərin öhdəsindən gəldi. Rəsmi Bakı, əslində, gələcək üçün Qarabağ məsələsini tamamilə həll etdi. Həmin vaxtdan Azərbaycan Cənubi Qafqazda həm hərbi-siyasi, həm də iqtisadi baxımdan ən nüfuzlu ölkəyə çevrilib ki, qonşu Ermənistan və Gürcüstan da bunu nəzərə almalıdır.

Müəllif qeyd edir ki, Ermənistan hakimiyyəti faktiki olaraq reallıqla barışıb və Paşinyan iqtidarı siyasi vektorunu Rusiyadan Avropaya və Amerikaya keçirir ki, bu da Qarabağ məsələsində və “böyük Ermənistan”ın yaradılmasında israr etməkdənsə, Ermənistanın gələcəyi üçün daha yaxşı həll yolu olmalıdır.

“Azərbaycandan neft və qaz kəmərlərinin, Türkiyəyə gedən dəmir yolu xəttinin də bizim ərazimizdən keçdiyi üçün Gürcüstan da Azərbaycanın strateji maraqlarını nəzərə almalıdır ki, bu da zaman keçdikcə daha çox trafik qazanmalıdır”, - deyə məqalədə qeyd olunub.

Bildirilir ki, Cənubi Qafqazdakı qonşuları ilə yanaşı, Rusiyanın təbii qazı və xam neftinin alışını azaldan və ya tamamilə dayandıran, alternativ olaraq Azərbaycan enerji mənbələrini seçən Avropa ölkələrində də Azərbaycanın təsiri artır.

ABŞ Prezidenti Trampın azərbaycanlı və erməni həmkarlarını Ağ Evə dəvət etməsindən və Zəngəzur dəhlizinin - “Tramp marşrutu”nun açılmasını müzakirə etdikdən sonra Prezident Əliyevin və bütövlükdə Azərbaycanın beynəlxalq imici daha da artıb.

Müəllif ötən həftə ABŞ-ın Mərkəzi Asiyanın beş ölkəsi ilə Azərbaycan və Ermənistanı birləşdirəcək ticarət sazişi imzalamaq mərhələsində olduğunu da açıqlayıb. Bildirir ki, ABŞ və Mərkəzi Asiyanın beş ölkəsi (C5+1) öz növbəsində Azərbaycan və Ermənistanı birləşdirəcək TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) ilə əlaqələndirilməsi planlaşdırılan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun hazırlanması barədə razılığa gəliblər. Bu amil Azərbaycanın Cənubi Qafqazda siyasi çəkisini daha da artırır.

Bundan başqa, məqalədə Türkiyənin regionda və dünyada artan nüfuzu, Cənubi Qafqazda kimin hansı gücə malik olması, Azərbaycan Ordusunun gücü və digər məsələlər əksini tapıb. (AZƏRTAC)

Oxşar xəbərlər