"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan-Türkiyə nizamlanması prosesi üzrə xüsusi nümayəndə, Milli Assambleyanın sədr müavini Ruben Rubinyan özünün "Facebook" səhifəsində yazıb. Ermənistan mətbuatının yaydığı məlumata görə, Rubinyan həmin statusunu bütünlüklə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə bu gün İrəvanda keçirilən görüşə həsr edib.
"ABŞ dövlət katibinin müavini Alison Hukerlə regional hadisələri və Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə etdik. Onun İrəvana səfərin məqsədi ABŞ prezidentinin regional sülh və təhlükəsizliklə bağlı baxışını irəli sürməkdir. Səfər proqramının ruhuna uyğun olaraq çox marağlı və işgüzar müzakirələr apardıq", - deyə Rubinyan yazıb.
Bildirilir ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşma prosesi Baş nazir Nikol Paşinyanla görüşdə də xüsusi diqqətdə saxlanılıb. Alison Huker qeyd edib ki, o, İrəvana ticarət, investisiya, infrastruktur, regional əlaqələr və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək, avqustun 8-də prezident Trampla görüşlər zamanı ortaya qoyulan vizyonu irəli sürmək üçün İrəvana səfər edib. O, dövlət katibinin köməkçisinin müavini Sonata Kalterin rəhbərlik etdiyi ikitərəfli işçi qruplarının fəaliyyətə başladığına diqqət çəkərək bu proseslərin sürətləndirilməsini mistəyib.
Xatırladaq ki, Alison Huker ABŞ-ın Ermənistandakı səfirliyinin nümayəndələri ilə birlikdə həm də xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi ilə görüşlər keçirib.
Elxan SALAHOV