19.09.2024, 04:53
AZ EN
16.09.2024, 17:47 116

Qarabağ və Şərqi Zəngəzurda da bələdiyyələr fəaliyyət göstərəcək

XƏBƏRLƏR
  • Bu ilin sonunda Azərbaycanda yerli özünüidaretmə orqanlarına, yənə bələdiyyələrə  növbəti seçkilərin keçiriləcəyi gözlənilir. Builki bələdiyyə seçkiləri əvvəlkilərdən xeyli fərqlənəcək. Ən böyük fərq ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə də ilk dəfə olaraq seçkiləri keçiriləcək. Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında ilk dəfə bələdiyyə orqanları yaradılacaq, həmin qurumlara üzvlər seçiləcək və onlar hazırda böyük quruculuq işlərinin aparıldığı işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcəklər. Bu, özülüyündə doğma yurd-yuvasına köçmüş keçmiş məcburi köçkün ailələrinin işğaldan azad edilən ərazilərdə torpaq sahələri ilə təmin olunması məsələsini də gündəmə gətirib.

"Vətən səsi" xatırladır ki, Azərbaycanda torpaq islahatı 1996-cı ildə başlayıb və bir neçə il davam edib. Bu islahat nəticəsində keçmiş kolxoz və sovxozlar ləğv edilib, onlara məxsus ərazilər pay torpağı şəklində yerli əhaliyə paylanıb. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda Qarabağda torpaqlardan səmərəli istifadə ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub.

VI çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, respublikanın digər bölgələrində olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə də torpaqlar 3 kateqoriyaya bölünəcək: "Həmin rayonların əraziləri məlumdur. Ərazilər hökumətin qərarı ilə artırıla və azaldıla bilər. Bu zaman, sözsüz ki, əhalinin sayı, burada həyata keçiriləcək infrastruktur layihələri nəzərə alınacaq. Dövlət mülkiyyətində, şəxsi mülkiyyətdə və bələdiyyə mülkiyyətində olan torpaqlar xüsusi komissiyaların nəzarəti altında xəritələri çəkilməklə və dəqiq ərazilər müəyyən edilməklə bölgü aparılacaq".
Tahir Rzayev vurğulayıb ki, müasir texnologiyalar əsasında peyk sistemi vasitəsilə işğaldan azad edilmiş ərazilərdə torpaq sahələri ilə bağlı müəyyən dəqiqləşdirmələr aparılır. Onun sözlərinə görə, bələdiyyə orqanlarının əraziləri yaşayış məntəqələri və əhalinin sayına görə fərqli ölçülərdə ola bilər: "Çünki işğaldan azad olunmuş bəzi rayonların sahəsi həddindən artıq çoxdur. Məsələn, Laçın rayonunun 100-dən artıq kəndi var. Eləcə də Kəlbəcərdə kiçik-kiçik kəndlər var. Bu kəndlərin birləşdirilməsinə ehtiyac var. Ancaq əhalinin sayına, yerləşdiyi əraziyə görə torpaq bölgüsü aparılacaq. Bu qanunauyğundur. Hesab edirəm ki, ərazilərdə yaşayan hər bir insanın əmlak və torpaq hüququ təmin ediləcək".

Elxan SALAHOV

Oxşar xəbərlər