Bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
"Bu kontekstdə, Ermənistanın yaranmış yeni reallıqda öz aktuallığını itirmiş, fəaliyyətini başa vurmuş və funksionallığını itirmiş ATƏT-in keçmiş Minsk Prosesinə aid institutların formal mövcudluğunu saxlamaq mövqeyi bu ölkənin normallaşma gündəliyinə sadiqliyini ciddi şəkildə sual altına qoymaqda davam edir.
Regiondan kənar qüvvələrin bir tərəfdən Ermənistanı sürətlə silahlandırması, digər tərəfdən isə müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı əsassız qarayaxma kampaniyasını təşviq etməsi il ərzində danışıqlar prosesinin məntiqi sonluğa çatdırılmasına ciddi əngəl törədib. Xüsusilə, COP29-un ölkəmizdə təşkil edilməsindən sui-istifadə etməklə geniş vüsət almış bu kampaniya Azərbaycan tərəfinin sistemli, ardıcıl və məqsədyönlü addımlar nəticəsində əhəmiyyətli dərəcədə neytrallaşdırılıb, normallaşma prosesinin məhz Azərbaycan tərəfinin irəli sürdüyü gündəlik çərçivəsində qurulması təmin edilib", - məlumatda vurğulanıb. (APA)