19.11.2025, 20:21
AZ EN
14.11.2025, 12:56 213

Pasinyanı devirmək istəyənlər məhkəmə qarşısında

XƏBƏRLƏR
  • Ermənistanda hakim partiyanın yürütdüyü siyasətə etiraz edən qüvvələrin ruporuna çevrilmiş siyasətçilərin və ictimai fəalların zərərsizləşdirilməsi üçün kampaniyalar davam edir. Xüsusilə gələn il keçirilməsi planlaşdırılan parlament seçkiləri yaxınlaşdıqca radikal çıxışları ilə seçilən və hazırkı Baş nazir Nikol Paşinyanı ictimai nüfuzdan salmağa çalışanlarıın cəzalandırılması sərt xarakter almağa başlayıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, hökumətin azadlığın məhdudlaşdırılması yolu ilə cəzalandırdığı şəxslər arasında rəsmi İrəvanın Azərbaycanla sülh əldə edilməsi üçün atdığı addımları pisləyən, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxanlar və xarici dövlətlərin kəşfiyyət orqanlarının sifarişlərini yerinə yetirməkdə suçlananlar da var.

Yerli mətbuatın yazdığına görə, Ermənistanın Cinayət Məcəlləsinin ən ağır maddələri ilə həbs edilənlərin əksəriyyəti Rusiya ilə əməkdaşlığı şübhə doğurmayan şəxslərdir. Bu isə saxlanılan şəxslər haqqında çıxarılan qərarların daha çox siyasi xarakter daşıdığını deməyə əsas verir. Siyasi motivli həbslərin artdığı şəraitdə Samvel Karapetyan adlı çox da məşhur olmayan biri barədə çıxarıan qərarlar daha böyük ictimai maraq yaradıb. Ermənistanın Antikorrupsiya Apellyasiya Məhkəməsi uzun müddət Rusiyada fəaliyyət göstərmiş iş adamı Samvel Karapetyanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillərin vəsatətini rədd edib. Məhkəmə qərarına əsasən, hələ iyun ayında hakimiyyəti zorla ələ keçirməyə cəhddə suçlanaraq saxlanılan Karapetyan həbsdə qalacaq.

Qırx dörd günlük müharibədə biabırçı məğlubiyyətə uğrayan Ermənistanda hakimiyyətə qarşı radikal çıxışları ilə tanınan, aramsız etiraz aksiyalarına liderlik və indi məhbus həhatı yaşayan məşhur keşiş Baqrat Qalstyanın da həbs müddəti daha 3 ay uzadılıb. İrəvan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsi arxiyepiskop barədə dünən belə bir qərar çıxarıb. “Armenpress”in yaydığı məlumata görə, qərar hakim Karen Farxoyanın sədrliyi ilə keçirilən iclasda qəbul edilib. 2025-ci il iyunun 26-da saxlanılan Qalstanyan terrorçuluq, kütləvi iğtişaşlar və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə məsuliyyətə cəlb olunub.

Bildirilir ki, Ermənistan İstintaq Komitəsi arxiyepiskopun təqsirləndirildiyi eyni cinayət işi üzrə 16 nəfərin barəsində də həbs qərarı verilməsi üçün məhkəməyə müraciət edib. Lakin onların heç biri həmin ittihamları qəbul etmir və baş verənləri siyasi təqib adlandırırlar.

Ermənistandakı həbs dalğası Paşinyan hökumətinə qarşı müxalif mövqedə oaln blogerlərdən də yan keçməyib. İrəvandakı dövlət təhlükısizlik xidmətinin əməkdaşları dünən "İmnemnimi" podkastının aparıcıları, blogerlər Narek Samsonyan və Vazgen Saqatelyanı da saxlayıb. Müxalif yönlü “Hraparak” nəşrinin yaydığı məlumata görə, ötən gün səhər hüquq-mühafizə orqanlarının maskalı əməkdaşları Samsonyan və Saqatelyanın evlərində axtarış aparıb, daha sonra onlar dindirilmək üçün şöbəyə gönədriblər. Onlar xuliqanlıq maddəsi ilə əlaqədar İstintaq Komitəsinə aparılıb. Hər iki blogerin həbsinin Ermənistan parlamentinin spikeri Alen Simonyan haqqında bu yaxınlarda podkastda verdikləri açıqlamalardan qaynaqlandığı deyilir.

Ermənistan parlamenti Simonyan ünvanına edilən təhqiramiz ifadələrə və təhdidlərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etdiyini təsdiqləyib.

Xatırladaq ki, “İmnemnimi” verilişinin son bölümünün qonağı Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan olub.

Elxan SALAHOV

Oxşar xəbərlər