Sənaye parkında fəaliyyətə başlayan müəssisələr barədə, həmçinin burada yaradılan daimi iş yerləri haqqında məlumat verilib. Sonra sənaye məhəlləsində istehsal prosesinə baxış keçirilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 292 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 35 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə 2500-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 142 milyon manatdan artıq investisiya yatırılıb, 900-dən çox daimi iş yeri yaradılıb. Hazırda sənaye parkında 12 müəssisə istehsal fəaliyyətinə başlayıb və 8 müəssisədə tikinti işləri davam etdirilir. Müəssisələr tərəfindən bu günədək 945 milyon manatdan çox satış həyata keçirilib ki, bunun da 40 milyon manata yaxın hissəsi ixracın payına düşüb.
Belaruslu qonaqlara sənaye parkında yaradılan infrastruktur, rezidentlər üçün tətbiq olunan dəstək mexanizmləri, logistika imkanları, habelə hazırda fəaliyyət göstərən və işə salınması planlaşdırılan istehsal sahələri barədə ətraflı məlumat verildi. Tərəflər sənaye kooperasiyası, birgə müəssisələrin yaradılması ilə bağlı perspektivləri müzakirə ediblər.
Qonaqlar, həmçinin Ağdam səfəri zamanı ikinci yaşayış kompleksi ilə də tanış olublar. Bildirilib ki, şəhərin təsdiq edilmiş Baş Planına uyğun olaraq Ağdamın mərkəzi küçəsində salınan kompleksin ümumi sahəsi təxminən 14 hektardır. Layihə çərçivəsində 1 268 mənzilli çoxmənzilli yaşayış binaları inşa olunur. Kompleksin ərazisinin böyük hissəsi yaşıllıq zonası olacaq. Binaların memarlıq həllində müasir yanaşmalarla yanaşı, milli naxış elementlərindən də istifadə edilir. Layihə çərçivəsində sakinlərin rahatlığı üçün zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Baxış zamanı qonaqlara görülən işlərin gedişi, mərhələli icra qrafiki və kompleksin istifadəyə verildikdən sonra formalaşacaq şəhər mühitinin əsas xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Bununla da nümayəndə heyətinin işğaldan azad olunan Ağdam rayonuna səfəri başa çatıb. (AZƏRTAC)