"Vətən səsi" xəbər verir ki, bunu amerikalı politoloq, ABŞ-ın 43-cü prezidenti Corc Buşun Rusiya və Avrasiya üzrə keçmiş köməkçisi Tomas Qrem deyib. O, Cənubi Qafqazı Mərkəzi Asiya regionu ilə müqayisə edərkən Amerikanın birinci bölgəyə daha çox üstünlük verdiyini söyləyib: "Cənubi Qafqaz məsələsi Mərkəzi Asiya regionundan daha mürəkkəbdir. Çünki ABŞ-ın Cənubi Qafqazda birbaşa maraqları var və buna görə də orada aktiv rol oynamaq niyyətindədir. Zənnimcə, ABŞ həmin bölgədə tamamilə Türkiyəyə etibar edəcək və bu məsələlərdə əməkdaşlıq davamlı xarakter alacaq. Düşünürəm ki, Türkiyə ilə ABŞ arasında etibarlı və sıx əməkdaşlığın gücləndirilməsi üçün ən azı Trampın dövründə şaxələndirilmiş müzakirələr mütləq davam edəcək".
Amerikalı politoloq əlavə edib ki, Vaşinqton Türkiyənin Mərkəzi Asiya regionunda da aktiv rol oynamasına qarşı deyil. Onun sözlərinə görə, ABŞ-ın əbədi rəqibləri olan Rusiya və Çinin hazırda Mərkəzi Asiya bölgəsində əhəmiyyətli rol oynaması Vaşinqtonun strateji maraqlarına uyğun deyil: "Buna görə də Türkiyənin bu bölgədəki fəaliyyəti əsasən ABŞ-nin maraqları ilə uzlaşır. Mərkəzi Asiyada yüksək texnologiyaların inkişafı üçün vacib olan geniş mineral ehtiyatlar var, ona görə də bütün böyük dövlətlər arasında regiona maraq artır. Buna görə də burada geosiyasi rəqabətin güclənəcəyini proqnozlaşdırmaq olar".
Elxan SALAHOV