"Vətən səsi" Ermənistan mətbuatına istinadəbər verir ki, Paşinyan həmin kəndlərlə bağlı məsələlərin hələ razılaşdırılmadığını deyib. Onun sözlərinə görə, həmin anklavların taleyi Azərbaycan və Ermənistan hökumətlərinin yaratdığı delimitasiya komissiyaları çərçivəsində müəyyən ediləcək: "Bu məsələlərin həlli yalnız sərhədlərin delimitasiya və demarkasiyası çərçivəsində mümkün olacaq. Delimitasiya prosesində iki ölkənin ərazi bütövlüyünün konturlarının Almatı Bəyannaməsinə əsasən təsdiqlənməsi zəruridir. Daha sonra mümkün kombinasiya və variantlar müzakirə oluna bilər. Hazırda heç bir ssenari razılaşdırılmayıb. Delimitasiya və demarkasiya zamanı tərəflər keçmiş sovet dövründə mövcud olmuş enklavlarla bağlı hüquqi əsaslarını təqdim etməlidirlər".
Nikol Paşinyan jurnalistlərin təkrar sualına cavab verərkən deyib ki, Ermənistan və Azərbaycan arasında anklavlarla bağlı hələlik heç bir qərar qəbul edilməyib. O, əlavə edib ki, həmin kəndlərlə bağlı məsələ dondurulmayıb və müvafiq dövlət komissiyaları növbəti görüşlərdə anklav ərazilərlə bağlı müzakirə aparacaqlar.
Ermənistanın Azərbaycana qaytarmalı olduğu həmin 4 kənddən əlavə Gədəbəy rayonunun inzibati ərazisi sayılan Başkənd yaşayış məntəqəsi ilə bağlı mübahisə də həllini tapmayıb. Belə ki, rəsmi İrəvan Başkəndin Ermənistana aid olduğunu iddia edir. Əslində isə 1992-ci ilə qədər ermənilərin yaşadığı həmin kənd Azərbaycanın suveren ərazisidir.
Elxan SALAHOV