19.11.2025, 23:23
AZ EN
07.11.2025, 10:52 235

Tramp Zəngəzur dəhlizinin əhəmiyyətini Mərkəzi Asiyanın liderlərinə anlatdı

XƏBƏRLƏR
  • ABŞ prezidenti Donald Tramp Ağ Evdə Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə görüş zamanı Zəngəzur dəhlizindən də danışıb.

"Vətən səsi" xəbər verir ki, ABŞ lideri Cənubi Qafqaz regionunun dünya ticarət yolları ilə əlaqəsini təmin edəcək Zəngəzur dəhliznin əhəmiyyətini Mərkəzi Asiya liderlərinə də anladıb. O, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsini "beynəlxalq sülh üçün böyük razılaşma" kimi qiymətləndirib: “Üç ay əvvəl mənim administrasiyam Ermənistan və Azərbaycan arasında bir sülh müqaviləsini imzaladı. Bu, səkkiz ayda başa vurduğu səkkiz müharibədən biridir. Həmin tarixi razılaşma yeni Tramp marşrutunun tikintisini də ehtiva edir. Bu, çox gözəl bir şeydir.  Azərbaycan və Ermənistan liderləri həmin marşruta mənim adımı verdilər. Mən bunu, həqiqətən yüksək qiymətləndirirəm. Əslində bu, böyük bir razılaşmadır. Bu, beynəlxalq sülh üçün yeni Tramp marşrutudur".

Tramp onu da əlavə edib ki, Zəngəzur dəhlizi dünyanın iqtisadi cəhətdən vacib regionundan keçməklə Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətini artıracaq: "Bu, Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur. Mən əminəm ki, bu gün burada olan hər bir ölkə razılaşma ilə ortaya qoyduğumuz fürsəti qəbul edərək sülhün imkanlarından faydalanacaq".

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff  da Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxışı zamanı avqustun 8-də Vaşinqtonda Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri əldə olunmuş razılaşmalardan danışıb. Ermənistanla münaqişənin həllində Azərbaycan prezidentinin fəaliyyətini xüsusi qeyd edən ABŞ rəsmisi Trampın Əliyevlə görüşü zamanı ona maraqlı bir sual ünvanladığını xatırladıb: "Avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşdu. Azərbaycan lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş torpaqları qaytarmaq olub".

Elxan SALAHOV

Oxşar xəbərlər