Bu fikir Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) ekspertləri Tuğçe Tecimer və Selenay Erva Yalçının “Ermənistan konstitusiyasına dəyişikliklər gündəmdə olan aktual məsələ olaraq qalır” sərlövhəli analitik məqaləsində yer alıb.
Ekspertlər diqqəti Ermənistanın əsas qanununda yer alan müstəqillik bəyannaməsinin məzmununa yönəldiblər: “1990-cı il bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünü birbaşa rədd edir. Ona görə də Bakının Ermənistan konstitusiyasına dəyişiklik tələbləri tamamilə haqlıdır”. Mərkəzin analitikləri qeyd edirlər ki, bu, Ermənistanın daxili məsələsi çərçivəsindən kənara çıxır.
AVİM ekspertləri 2009-cu ildə Sürixdə imzalanmış Ermənistan-Türkiyə protokollarının taleyini xatırladıblar: “Ermənistan konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarı Bakının tələblərinin əsassız olduğunu iddia edən hər kəsə ən yaxşı cavabdır”.
Analitiklər hesab edirlər ki, Bakı İrəvanla sülh sazişinin uzunömürlülüyünə zəmanət verməyə çalışır.
“Bu gün Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin əsasını gücləndirmək üçün danışıqların və diplomatik addımların daha fəal olması vacibdir. Bu prosesdə problemlərin aradan qaldırılması məqsədilə bütün regionun maraqlarına cavab verən Ermənistanın hazırkı Konstitusiyasının dəyişdirilməsi labüddür”, - deyə Tecimer və Yalçın vurğulayıblar. (AZƏRTAC)