"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Lilit Minasyan bildirib. Onun sözlərinə görə, Ermənistan müxalifəti vaxtilə Qarabağda yaşamış ermənilərin geri qayıdaraq Rusiya pasportu ilə yenidən orada yaşamağa hazır olub-olmaması ilə bağlı onlayn sorğu keçirib: “Ermənistan müxalifətinin halına acıyıram. Hələ də Rusiya pasportuna bel bağlayan müxalifətimiz var. Belə bir sorğunu necə fikirləşə bilərlər, bu qədər də alçaqlıq olar?!”.
Minasyan bir daha əlavə edib ki, heç bir erməni Qarabağda yaşamağa hazır deyil və belə bir şey mümkünsüzdür. O, Ermənistanda türk düşmənçiliyinin olduğunu da etiraf edib: "Ermənistanda bir çoxları, xüsusən də müxalifət “türk” sözünü sevmir. "Türk" sözü Ermənistan müxalifətində psixoloji sıxıntı yaradırAmma gəlin bu düşmənçiliyi kənara qoyaq və düşünək: Türkiyə ilə sərhədi açmasaq, biz necə inkişaf edə bilərik? Açıq sərhəd Ermənistan üçün niyə pis olsun?”.
Minasyan əlavə edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin bərpa edilməsi yönündə müsbət nəticələr var. Hakim partiyanın üzvü müxalifətin Ermənistan-Azərbaycan sülh razılaşması və Zəngəzur dəhlizi ilə bağlı saxta tezislərinin də alt-üst olduğunu qeyd edib: “Müxalifət hər dəfə saxta tezislər irəli sürəndə ortalığa sənədlər çıxır və onların bu saxta iddiaları alt-üst olur. Biz hara getdiyimizi dəqiq bilirik”.
Xatırladaq ki, ermənilər 2023-cü ilin payız aylarında könüllü olaraq Azərbaycanın bu bölgəsini tərkib ediblər.
Elxan SALAHOV