"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilir ki, sənəd “Amerika Birləşmiş Ştatları Hökuməti və Ermənistan Respublikası Hökuməti arasında “Sülhün qovşağı” layihəsi üçün potensialın inkişafı üzrə tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” adlanır.
Sənəddə əksini tapan bəzi məqamlar xüsusilə diqqəti çəkir. Qeyd olunur ki, Anlaşma Memorandumunun məqsədi sərmayələr, resurslar, təlimlər və iştirakçılar arasında tərəfdaşlıqlar vasitəsilə Ermənistanın infrastrukturunu və sərhəd təhlükəsizliyini yaxşılaşdırmaq üçün əməkdaşlıq etməkdir. Həmçinin Ermənistanın infrastruktur və sərhəd təhlükəsizliyi prioritetlərini, o cümlədən özəl sektor investisiyalarını təşviq etmək, qeyri-qanuni alver və qaçaqmalçılıqla mübarizə də daxil olmaqla, gömrük nəzarəti və sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın və effektivliyinin artırılması, ABŞ Daxili Təhlükəsizlik Departamenti və Ermənistan Milli Təhlükəsizlik Xidməti arasında kibertəhlükəsizlik sahəsində ən yaxşı təcrübələrin mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır.
Anlaşma Memorandumuna əsasən, ABŞ və Ermənistan bir sıra strateji məsələrdə əməkdaşlıq etmək niyyətindədirlər. Buraya aşağıdakılar daxildir:
- ABŞ hökumətinin resursları və ABŞ Daxili Təhlükəsizlik Departamentinin Gömrük və Sərhəd Mühafizəsi Agentliyinin ən yaxşı təcrübələri vasitəsilə Ermənistanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi;
- Kibermüdafiə əməliyyatlarına investisiyaların artırılması;
- Ermənistanın infrastrukturunun, o cümlədən sərhəd təhlükəsizliyinin modernləşdirilməsi üçün investisiyaların təşviqi.
Elxan SALAHOV