23.11.2024, 06:20
AZ EN
08.10.2022, 14:30 233

Ermənistan, nəhayət, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı

XƏBƏRLƏR
  • “Avropa siyasi birliyinin” Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin bir sıra görüşləri oldu. İlk dəfə olaraq danışıqlar dördtərəfli formatda keçirildi, görüşdə Avropa İttifaqı Şurasının Prezidenti ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron da iştirak edirdi. Bir neçə saat davam edən və bəzi məlumatlara görə gərgin fikir mübadilələrindən sonra bəyanat elan edildi. Bəyanatda deyilir ki, “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır”.

Bəyanat dərc olunan kimi, Ermənistan tərəfindən bununla bağlı skeptik fikirlər eşidildi. Özü də bu səslər təkcə erməni düşərgəsindən deyil, qəribə də olsa, Azərbaycan düşərgəsindən də səsləndi. Məsələn, Ermənistanda yenə həmin köhnə havanı çaldılar ki, ərazi bütövlüyünün tanınması “Qarabağa aid deyil”, guya Alma-Ata Bəyannaməsinin qəbul edilməsinə, Azərbaycanın sonradan MDB-yə və BMT üzvlüyünə daxil olmasına az qalmış Qarabağ Azərbaycanın tərkibindən “qanuni şəkildə çıxmağa macal tapıb”. Ermənilərin interpretasiyalı hoqqabazlığına öyrəşmişik, lakin bəzi azərbaycanlı analitiklərin tənqidi bizi çaşdırdı. Onlardan biri sosial şəbəkələrdə üç cümlədən ibarət növbəti şərhi yazıb (orfoqrafiya və punktuasiya orijinala uyğun saxlanılıb):

“Praqada qəbul olunan sənəd hüquqi baxımdan əsassızdır, çünki tərkibində DQMV-nin olduğu Ermənistan Respublikası 1989-cu dekabrın 1-də Ermənistan SSR Ali Sovetinin və DQMV əyalət sovetinin ildə birgə iclasında elan edilib. Buna görə də BMT üzvlüyə qəbul olunanda və 1991-ci ildə Alma-Ata Bəyannaməsi qəbul ediləndə həm Ermənistan, həm Azərbaycan bir-birinin ərazi bütövlüyü anlamı altında nəzərdə tutulan baxımdan müxtəlif mövqelərdə idi. Görünür, bu Praqa Bəyanatını qəbul edən ölkələrin nümayəndələri arasında bir dənə də hüquqşünas olmayıb”.

Bu paylaşımın müəllifinin mühüm hüquqi faktlara əhəmiyyət verməməsi həqiqətən çox təəccüblüdür. Birincisi, Praqada heç bir sənəd nə qəbul edilib, nə də imzalanıb. Avropa İttifaqı Şurasının saytında yerləşdirilən bəyanat danışıqların iştirakçılarından birinin, əsasən Şarl Mişelin danışıqların yekunlarına baxışını əks etdirir. Lakin bu, necə deyərlər, səthi qeydlərdir.

İkincisi, ekspertlərə məlum olmalıdır ki, Ermənistan SSR Ali Sovetinin və Azərbaycan SSR DQMV-nin Vilayət Sovetinin qəbul etdiyi və demək olar, yuxarı qanunverici orqanlar tərəfindən dərhal ləğv edilən konstitusiyaya zidd qərarlar heç bir hüquqi qüvvəyə malik deyildi. Onların “təsdiq edilməsi” və erməni tərəfinin onlar qarşısında az qala “dini” sitayişi nə Azərbaycanın, nə də dünya birliyinin üzərinə heç bir öhdəlik qoymayan, beynəlxalq hüququn özünə isə heç bir düzəliş etməyən şəxsi üstünlük verdiyi qərarlardır. Növbəti üç normativ aktın müəllifə yaxşı tanış olmasına bizim şübhəmiz yoxdur.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti “SSRİ Konstitusiyasının Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi Dağlıq Qarabağ haqqında aktlara uyğunsuzluğu haqqında” 10 yanvar 1990-cı il tarixli 1050-I nömrəli Qərarı ilə yuxarıda göstərilən qərarları ləğv edib (bax: https://dokipedia.ru/document/5296530).

Daha sonra 1991-ci il noyabrın 27-də, yəni İttifaq dövlətinin mövcudluğuna xitam verilməsinə bir ay qalmış SSRİ Ali Sovetini əvəzləyən SSRİ Dövlət Şurası “SSRİ Konstitusiyasında təsbit olunmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquqi statusunu dəyişdirən bütün aktları” konstitusiyaya zidd hesab edən və “DQMV ərazisində konstitusiya quruluşunun bərpa edilməsini” qət edən “DQMV-də və Azərbaycan Respublikasının və Ermənistan Respublikasının sərhədyanı rayonlarında vəziyyətin sabitləşdirilməsinə dair tədbirlər haqqında” qərar qəbul edib.

Nəhayət ertəsi gün, noyabrın 28-də SSRİ Konstitusiya Nəzarəti Komitəsi “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli qərarı, habelə DQMV ərazisində Ermənistan SSR Ali Sovetinə seçkilər üzrə seçki dairələrinin yaradılması barədə Ermənistan SSR MSK-nın qərarını SSRİ Konstitusiyasının və SSRİ qanunlarının müddəalarından kənara çıxdığını yenidən elan edərək, beləliklə, DQMV-ni əvvəlki konstitusiya yerinə - Azərbaycan SSR-in tərkibinə qaytarıb. Bu, ali ittifaq orqanının Dağlıq Qarabağa dair ən son qərarı olub və SSRİ-nin süqutundan sonra region beynəlxalq hüququn fəaliyyət məkanına daxil olub.

Dekabrın 10-da Azərbaycan SSR-in DQMV ərazisində birtərəfli qaydada keçirilən qondarma “referendum” antikonstitusion idi, heç bir hüquqi akta əsaslanmırdı və həm ittifaq, həm də respublika konstitusiyalarına zidd idi. Bu gün Ermənistanda çox vaxt istinad olunan, "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə bağlı məsələlərin həlli qaydası haqqında" 1990-cı il aprelin 3-də qəbul edilmiş SSRİ qanunu o vaxt artıq qüvvədə deyildi, çünki onun aktuallığı və hüquqi qüvvəsi sentyabrın 6-7-də SSRİ xalq deputatlarının növbədənkənar qurultayında "SSRİ Prezidentinin və müttəfiq respublikaların ali rəhbərlərinin birgə bəyanatından və SSRİ Ali Sovetinin növbədənkənar sessiyasının qərarlarından irəli gələn tədbirlər haqqında" yeni qərarın qəbul edilməsi ilə itmişdi. Beləliklə, dekabrın 10-dan etibarən Qarabağ "yığıncağı" heç bir hüquqi əsası olmayan “boş güllə”yə çevrildi.

Həmin il dekabrın 21-də Alma-Ata Bəyannaməsini imzalamaqla və onu imzalayan digər dövlətlərin ərazi bütövlüyünü tanıdığını bəyan etməklə, Ermənistan ağlında istənilən fikri nəzərdə tuta bilərdi. Onun şəxsi “İstəkləri” və şərhləri heç kimi narahat etmirdi. Beləliklə, Azərbaycan SSRİ-ni tərk edərək uti possidetis juris beynəlxalq prinsipi əsasında özünün Dağlıq Qarabağ regionu ilə BİRLİKDƏ beynəlxalq birliyə daxil olurdu.

SSRİ dağıldıqdan sonra, artıq qeyd etdiyimiz kimi, ittifaq qanunları qüvvəsini itirirdi və beynəlxalq hüquq qüvvəyə minirdi. 1992-ci ildə Ermənistan və Azərbaycan, hər biri öz ərazisi ilə BMT-yə daxil oldular. Azərbaycan üzv olarkən müraciətində ərazisinin 86 692 kvadratkilometr olduğunu göstərib və məhz bu ərazi ilə BMT-yə qəbul edilib. Biz Ermənistanın üzv olarkən hansı ərazini göstərdiyini bilmirik və vacib də deyil, - birincisi, bunu asanlıqla tapmaq olar, ikincisi, vacib odur ki, təşkilatın özü bu iki dövləti öz sıralarına hansı formada qəbul edib.

İndi isə kulminasiya nöqtəsi: 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə “the Nagorno-Karabakh region of the Republic of Azerbaijan” (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu) ifadəsi yer alıb, daha sonra 2008-ci il martın 14-də BMT-nin Baş Assambleyası A/RES/62/243 qətnaməsini qəbul edir. Bu qətnamənin mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəstəklənməsi ilə yanaşı, “the Nagorno-Karabakh region of the Republic of Azerbaijan” və “within the Republic of Azerbaijan” ifadəsi (preambulada və 4-cü bənddə) işlədilir.

Bu, o deməkdir ki, BMT həmin vaxt mövcud olan “Dağlıq Qarabağı” 1992-ci ildə bu regionla bərabər öz sıralarına qəbul etdiyi Azərbaycan Respublikasının bir hissəsi kimi nəzərdən keçirir, yəni elan edilən 86 692 kvadratkilometr ərazi ilə!

Nikol Paşinyan Praqada 1991-ci il Alma-Ata Bəyannaməsi, eləcə də BMT-nin Nizamnaməsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün tanınmasını bəyan etdi. Həmin o BMT-nin ki, Dağlıq Qarabağ regionunu Azərbaycan Respublikasının bir hissəsi hesab edir və bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü öz qətnamələrində dəfələrlə təsdiqləyib. İndi Avropa İttifaqının bəyanatına əsasən, bu prinsiplərə dünən Ermənistanın baş naziri Nikol Paşinyan da qoşuldu.

Prezidentin komandasında hüquqşünaslar da var, təcrübəli müşavirlər də. Elə Avropa İttifaqı Şurasının Prezidenti və Fransa Prezidenti ilə bir masa arxasında oturan Azərbaycan dövlətinin başçısının özü də, heç şübhəsiz, söhbətin hansı dildə getdiyini və tərəfdaşların hansı instrumentarilərdən və konseptual aparatdan istifadə etdiklərini bilir. Buna görə də azərbaycanlı skeptikin yuxarıda sitat gətirdiyimiz paylaşımı bizdə təəccüb və hətta təlaş yaradır. Bu nədir, arqumentlərini müntəzəm nokauta saldığımız erməni tərəfinə pas ötürmədir? Yoxsa Prezident komandasının çətin tərəf-müqabilləri ilə olduqca mürəkkəb işində tənqid edilməsidir? Hər bir halda, nəyə görə? Fikirləşirik ki, yaxşı olardı, bizim tərəfimizdən dəfələrlə ifşa edilən erməni arqumentlərini təkrarlamaqdansa, bunun əvəzinə ekspert özünün çoxsaylı tribunasından onların sübutsuzluğunu vurğulamaq üçün istifadə edərdi. (AZƏRTAC)

Oxşar xəbərlər