Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, ictimai və elm xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə "Qərbi Azərbaycan: Haqqın izi ilə" sənədli filminin nümayişi olub.
Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edir. Eləcə də sülh, barışıq, birgəyaşayış dəyərlərinə hörmətlə yanaşır. O deyib: “Biz dialoq üçün Ermənistan hökumətinə dəfələrlə təklif göndərmişik. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də bizim çağırışlarımıza cavab vermir. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur. Biz Ermənistanı insan hüquqları ilə bağlı öhdəliklərinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırırıq”.
Ə.Ələkbərli Ermənistandan azərbaycanlıların mərhələli deportasiyası, hüquqlarının pozulması və yaşanan faciələr barədə məlumat verib. O, həmçinin tədbir iştirakçılarını İcmanın fəaliyyəti, görülmüş işlər barədə məlumatlandırıb.
Daha sonra köçkünlük həyatının acı xatirələrindən və qayıdış arzusundan danışan Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Şirazi İbrahimov bildirib: “Bir əsrdə dörd dəfə qaçqınlıq həyatı yaşayan Qərbi azərbaycanlıların başına gələn müsibətlər digər soydaşlarımız kimi bizim ailəndən də yan keçməyib. Mən uşaq olanda, valideynlərim 1905, 1918, 1948-1953-cü illər deportasiyası haqqında danışanda, bir növ mənə nağıllar aləmini xatırladırdı. Necə ola bilər ki, ermənilərə diqqət, qayğı ilə yanaşasan, yerləşmələrinə kömək göstərəsən, onlar isə sənə bu cür vəhşiliklər etsinlər. Təəssüflər olsun ki, qonşumuz olan ermənilər bu cür vəhşilikləri illər boyu, bir əsrdən artıq müddətdə törədiblər, lakin dünya ictimaiyyəti buna biganə yanaşıb”.
O, 1988-ci il deportasiyasında 15 yaşı olduğunu diqqətə çatdıraraq əlavə edib: “Mən orta məktəbi davam etdirmək üçün Basarkeçər rayonunun Nərimanlı kəndindən Bakı şəhərinə kimya-biologiya təmayüllü internat liseyinə gəldim. 1988-ci ilin dekabrında tətil olarkən internatda oxuyan bütün şagirdlər öz doğma evlərinə gedirdilər. Biz Qərbi Azərbaycan əsilli şagirdlər isə hara gedəcəyimizi, evlərimizin harada olacağını bilmirdik. Yəqin ki, 15 yaşlı uşaqların keçirdiyi bu stressi, sarsıntını təsəvvürə gətirmək olar. Həmin günləri xatırladıqca insan kədərlənir, valideynlərimizin, doğmalarımızın və Qərbi Azərbaycanda yaşayan insanların başına gələn fəlakətlər göz önündən keçir, insanı kövrəldir".
Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi 55/76 saylı qətnamə ilə təsis olunub. Bu günün məqsədi qaçqınların problemlərinə beynəlxalq diqqəti artırmaqdır. Qərbi Azərbaycan İcması da öz növbəsində hər il bu gün münasibətilə tədbir təşkil edir. (AZƏRTAC)