19.06.2025, 21:16
AZ EN
19.06.2025, 17:30 38

Vali: Azərbaycanın Kahramanmaraşın bərpasına verdiyi töhfə hər zaman yaddaşımızda qalacaq

XƏBƏRLƏR
  • Bu gün zəlzələdən zərərçəkənlər üçün inşa olunmuş 251-ci yaşayış kompleksinin açılışında baş tutan açarların təqdimetmə mərasimi yalnız bir mənzil bərpa proqramı deyil, həm də birliyin, qardaşlığın və həmrəyliyin parlaq rəmzinə çevrildi.

Bunu Kahramanmaraşın valisi Mükerrem Ünlüer şəhərdə Azərbaycan məhəlləsinin açılış mərasimində etdiyi çıxışda bildirib.

“Bu əlamətdar tədbirdə iştirak etməklə bizi şərəfləndirən möhtərəm prezidentlərimizi salamlamaqdan məmnunuq. 2023-cü il fevralın 6-da bütün ölkə dağıdıcı zəlzələnin sarsıdıcı təsirini yaşadı, – deyə vali bildirib. – Lakin bu çətin dönəmdə biz misilsiz həmrəyliyin şahidi olduq: Türkiyənin hər yerindən və dost ölkələrdən edilən yardımlar xalqımızın birliyini və gücünü nümayiş etdirdi”.

Mükerrem Ünlüer xüsusilə Azərbaycanın dəstəyinə toxunub: “Bizim doğma qardaş xalqımızın töhfəsi xüsusilə dəyərli oldu. Azərbaycanın göstərdiyi yardım, sədaqət və qardaşlıq hər zaman yaddaşımızda qalacaq. Türkiyə-Azərbaycan dostluğu bu dövrdə daha da gücləndi”.

Bu gün keçirilən tədbir çərçivəsində mənzillərin püşkatma və rəsmi açar təqdimetmə mərasimi baş tutub. Bakı şəhərinin dəstəyi ilə salınan "Azərbaycan məhəlləsi"nin sakinləri də yeni mənzillərlə təmin olunub.

“Bu evlər sadəcə “baş üzərində dam” deyil. Onlar yeni başlanğıcın, gələcəyə ümidin və dövlətimizin gücünün rəmzidir. Bütün sakinlər adından Prezident İlham Əliyevə və Prezident Rəcəb Tayyib Ərdoğana liderliklərinə və dəstəklərinə görə dərin təşəkkürümü bildirirəm. Biz hamımız birlikdə bu tarixi anın şahidiyik”, – deyə vali çıxışını yekunlaşdırıb. (Trend)

Oxşar xəbərlər