18.06.2025, 20:08
AZ EN
18.06.2025, 15:27 349

Malayziyada Qərbi Azərbaycan həqiqətlərindən danışılıb

XƏBƏRLƏR
  • Azərbaycanın Malayziyadakı səfirliyi “Qərbi Azərbaycan reallığı: dağıdılmış İslam irsi, tarixi ədalət və ləyaqətli qayıdış hüququ” mövzusunda hibrid formatda tədbir təşkil edib.

Malayziyanın nüfuzlu ali təhsil ocaqlarından olan Malayziya Beynəlxalq İslam Universitetində (International Islamic University Malaysia - IIUM) keçirilən tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbə və məzunlar da daxil olmaqla, 100-dən çox şəxs iştirak edib. Universitetin rektoru Osman Bakar və səfir İrfan Davudov tədbirin məqsədi və mövzusu barədə məlumat veriblər.

Səfirliyin müşaviri Elsevər Salmanovun moderatorluğu ilə keçirilən tədbirdə daha sonra Milli Məclisin üzvləri Qaya Məmmədov, Fariz İsmayılzadə və Vüqar Bayramov, eləcə də Malayziya Beynəlxalq İslam Universitetinin professorları Məhəmməd Naqib, Olsi Yazuçiu və Əhməd əl-Məhəmmədi mövzu üzrə elmi təqdimatlarla çıxış ediblər.

Sonra Cənubi Qafqazda erməni dövlətinin yaradılmasının məqsəd və mahiyyəti, ermənilərin regiona köçürülməsi ilə paralel olaraq milli-dini zəmində problemlərin meydana çıxması, azərbaycanlıların deportasiya edilməsi barədə məlumat verilib. Həmçinin məqsədyönlü şəkildə azərbaycanlılara məxsus tarixi, dini, mədəni izlərin silinməsi prosesi, Çar Rusiyasının bu siyasətinin SSRİ tərəfindən davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun hərbi yolla azad olunması, hazırda regionda yaranmış sülh şəraiti, Qərbi Azərbaycana ləyaqətli qayıdış hüququ kimi məsələlər ətrafında tarixi və beynəlxalq hüquq nöqteyi-nəzərindən müzakirələr aparılıb.

Çıxış və müzakirələr zamanı xüsusi olaraq vurğulanıb ki, Qərbi Azərbaycana qayıdış hüququnun reallaşdırılması üzrə fəaliyyət heç bir halda hər hansı dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlməyib.

Professor Osman Bakar belə tədbirlərin elm ocaqlarında keçirilməsinin cəmiyyət üçün faydalarından, həqiqətlərin anlaşılması baxımından olduqca mühüm əhəmiyyət kəsb etməsindən danışıb, gələcəkdə səfirliklə əməkdaşlıqda daha geniş tədbirlərin təşkilinin nəzərdə tutulduğunu bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər