"Vətən səsi" xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan Ermənistan İstintaq Komitəsində Şahramanyanın dindirilməsindən sonra jurnalistlərlə söhbətində deyib. O, qeyd edib ki, keçmiş separatçı "lider"in şahid qismində ifadəsi alınıb.
Ermənistan mətbuatının yaydığı məlumata görə, son bir ay ərzində Şahramanyan artıq 6-7 dəfə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə çağırılıb. Separatçının dindirildiyi iş üzrə cinayət əməlində 44 günlük müharibə zamanı baş verənlərlə bağlı yeni təfərrüatların ortaya çıxması istisna edilmir.
Yeritsyan da təsdiqləyib ki, istintaq prosesləri məhz Qarabağ müharibəsi ilə bağlı məsələlərə aiddir. Onun sözlərinə görə, Şahramanyanın istintaqa cəlb olunması prosesi Qarabağda antiterror tədbirləri keçiriləndən bir ay sonra, 2023-cü ilin oktyabrında başlayıb. Lakin İstintaq Komitəsi həmin iş üzrə siyahıda adı keçən şəxslərin hamısını (hazırda Bakıda məhkəməsi davam edən separatçı liderlər istisna olmaqla - red.) dindirdikdən sonra araşdırmaları dayandırıb. Son iki həftə ərzində isə Şahramanyan yenidən istintaqa cəlb olunub. O, son iki həftədə 4dəfə dindirilib, növbəti dindirmə iyunun 6-na təyin edilib.
Vəkili Şahramanyanın dindirilməsinin prosesinin iki illik fasilədən sonra yenidən aktuallaşmasının səbəbini izah edə bilməyib. Vəkil ibtidai istintaqın davam etdiyi bir vaxtda işin təfərrüatlarını açıqlaya bilməyəcəyini söyləyib: "Mən bu barədə dəqiq heç bir məlumat deyə bilmərəm. İlkin istintaqın başlanmasından 2 il sonra Şahramanyanın yenidən sorğu-suala tulmasının izahı yoxdur, mən buna dəqiq cavab verə bilmirəm".
Roman Yeritsyan gələcəkdə Şahramanyana qarşı cinayət işinin açılacağını və onun həbs oluna biləcəyini istisna etməyib.
Xatırladaq ki, Samvel Şahramanyan 44 günlük müharibə ilə əlaqədar “Hərbi qulluqçuların səhlənkarlığı” və “Müharibə vasitələrini düşmənə vermə və ya buraxma” maddələri ilə başlanmış cinayət işi çərçivəsində dindirilir.
Elxan SALAHOV