Bu barədə o, rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.
Tərəflər ikitərəfli münasibətlərin strateji xarakterini qeyd edərək, həmçinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün səyləri davam etdirmək istəklərini təsdiqləyiblər.
H.Fidan Türkiyə-Rusiya münasibətlərinin iki ölkə liderlərinin müəyyən etdiyi kursa uyğun inkişaf etdiyini və regionda sabitliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, İstanbulun Rusiya və Ukrayna arasında birbaşa danışıqlar platforması kimi seçilməsi ümumi sülh istəyinin təzahürüdür. Türkiyəli nazir Ankaranın iki ölkə arasında danışıqların yeni mərhələsinə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
S.Lavrov, öz növbəsində, birbaşa dialoq üçün şərait yaratdığına görə Türkiyəyə minnətdarlığını bildirib. O vurğulayıb ki, Rusiya danışıqlar prosesinin təşkilinə yönəlmiş səylərinə görə Ankaraya minnətdardır. Moskva ilə Kiyev arasında mümkün danışıqların ikinci raundundan danışan nazir deyib: “Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raunduna gəlincə, məndən soruşsanız, yenə də türk dostlarımıza müraciət edərdim: İstanbulda şərait çox yaxşıdır”.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, Türkiyə tərəfi ilə danışıqların gündəliyi zəngindir və iki ölkə prezidentləri səviyyəsində formalaşır. O, bir çox ortaq, o cümlədən xarici məhdudiyyətlərin aradan qaldırılması sahəsində planların mövcud olduğunu bildirib və təsdiq edib ki, Moskva və Ankara beynəlxalq və regional böhranları, o cümlədən Şimali Afrika və Yaxın Şərqdəki vəziyyətləri həll etmək istiqamətində səy göstərirlər.
Görüş zamanı Cənubi Qafqaza xüsusi diqqət yetirilib. S.Lavrov vurğulayıb ki, “3+3” platformasının formatı Cənubi Qafqazın üç ölkəsi ilə qonşu dövlətlər – Türkiyə, Rusiya və İran arasında qarşılıqlı fəaliyyət üçün etibarlı zəmin yaradır. (AZƏRTAC)