Bu məqsədlə fevralın 23-də mətbuat konfransı baş tutub.
Mətbuat konfransının açılışında danışan Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, ötən ilin son dörd ayı ərzində bu qurum tərəfindən beş beynəlxalq konfrans keçirilib: “Bu konfransların əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrdəki insanların səsinin dünya ictimaiyyətinə çatdırılması idi. Bakı Təşəbbüs Qrupu olaraq biz buna nail olduq və bundan əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə səslərini dünyaya çatdıra bildilər. Bunun nümunələri də var. Misal üçün, Nazioni Milli Hərəkat Partiyası Yeni Kaledoniyadakı hadisələri bizim onlara dəstəyimizlə beynəlxalq səviyyədə dünya ictimaiyyətinə çatdıra bildi. Dünya bu regionlarda baş verən hadisələri, fransız müstəmləkəçilik siyasətinin ağır fəsadlarının nəticələrini öyrəndi”.
Abbas Abbasov Bakı Təşəbbüs Qrupunun bu il üçün fəaliyyət istiqamətinin yalnız siyasətdən ibarət olmayacağını, sosial və iqtisadi yöndə də tədbirlərin keçiriləcəyini deyib.
Mətbuat konfransında iştirak edən Fransanın müstəmləkə hakimiyyəti altında yaşayan xalqlarının nümayəndələri məruz qaldıqları təzyiqlər, nüvə sınaqları, hüquqi əsası olmadan fransız polisi tərəfindən həbslərin çoxalması, təhsil sistemi və milli-mənəvi dəyərlərinin Fransa tərəfindən təhrif edilməsi kimi məsələlərə toxunublar.
Bildirilib ki, Avropa İttifaqı da bütün bu hallara laqeyd qalaraq bir növ Fransaya dəstək verir.
Səslərinin dünyaya çatdırılmasında göstərilən dəstəyə görə Azərbaycana və Bakı Təşəbbüs Qrupuna təşəkkürlərini ifadə edən bu şəxslər gördükləri təzyiqlərlə bağlı məlumatları daha geniş coğrafiyaya yaymaq istədiklərini, bununla bağlı müxtəlif yollar axtardıqlarını ifadə ediblər.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək konfransa dünyanın 13 ölkəsi və dörd beynəlxalq təşkilatdan ümumilikdə 50 təmsilçi qatılacaq. Konfrans iştirakçılarının böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi olan dənizaşırı ərazilərindən gələn şəxslərdir. Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrində olan, Fransanın dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, digər bütün maraqlı tərəflər Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səslənəcək.
Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.
Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.(AZERTAC)