Görüşdə Azərbaycan ilə AİB arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb, hazırda müzakirə mərhələsində olan 2025–2029-cu illər üzrə AİB-in Ölkə Tərəfdaşlığı Strategiyası, hökumətin prioritetlərinə əsaslanan layihələr üzrə gələcək kreditləşdirmə proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.
S.Babayev ölkənin inkişaf ehtiyaclarına uyğun olaraq hökumətin həyata keçirdiyi layihələrdə bankın göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib, Azərbaycanın AİB-nin sosial təşəbbüslərinə, yoxsulluğun azaldılması səylərinə dəstək vermək üçün fəal donor icmasının üzvü olmağa davam edəcəyini qeyd edib.
Görüş zamanı, gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən Bakı Metropoliteninin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Sunniya Durrani-Camal ilə keçirilən görüşdə isə nazir Sahil Babayev bankın Azərbaycandakı nümayəndəliyinin ölkəmizin ehtiyaclarını müəyyənləşdirmək və əməkdaşlığı əlaqələndirmək sahəsindəki rolunu yüksək qiymətləndirib.
Xanım Durrani-Camal AİB-nin mühüm və etibarlı tərəfdaşı kimi Azərbaycanla bundan sonra da əməkdaşlığı genişləndirməyə, ölkənin inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib. (Trend)