02.04.2025, 09:47
AZ EN
31.03.2025, 14:50 122

Serdar Ünsal: Azərbaycanlıların soyqırımını unutmayacaq və unutdurmağa imkan verməyəcəyik

XƏBƏRLƏR
  • Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətləri unutmayacaq və unutdurmağa imkan verməyəcəyik. Azərbaycanlıların soyqırımı aktlarına məruz qalması barədə dünya ictimaiyyətini gələcəkdə də məlumatlandırmaq çox vacibdir.

Bu barədə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal bildirib.

Onun sözlərinə görə, 1918-ci il martın 31-də Azərbaycanda baş verən hadisələr ermənilərin Azərbaycan və türk xalqlarına qarşı nifrətlə dolu qanlı vəhşilikləri silsiləsinin daha bir həlqəsi olub. “31 mart tarixi ermənilərin düşmənçiliyindən əziyyət çəkən yüz minlərlə insanın faciəsinin rəmzidir”, - deyən TADDEF-in sədr müavini müasir Ermənistanın öz doğma yurdundan zorla qovulmuş azərbaycanlıların tarixi torpaqlarında süni şəkildə yaradıldığını diqqətə çatdırıb.

TADDEF-in sədr müavini xatırladıb ki, bir əsr əvvəl Qərbi Azərbaycanın heç bir yerində ermənilər əhalinin əksəriyyətini təşkil etmirdi. "Bu, məlum faktdır! Mənim nənəm də 1920-ci ildə erməni vəhşiliyindən canını qurtararaq İrəvanı tərk etməyə məcbur olub. Türkiyə və Azərbaycan vətəndaşlarının gənc nəsli tarixi bilməli və düzgün nəticə çıxarmalıdır", - deyən Ünsal bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlının qalmadığını bildirib.

O qeyd edib ki, ermənilər Azərbaycan xalqının irs yaddaşını silmək məqsədilə hətta qəbiristanlıqları da dağıdıblar.

TADDEF-in sədr müavini Cənubi Qafqazın tarixi haqqında dünyanın müxtəlif ölkələrində ictimaiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıb, xüsusilə bu istiqamətdə 1998-ci il martın 26-da Azərbaycanlıların Soyqırımı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayan Ümummilli Lider Heydər Əliyevin siyasətinin əhəmiyyətini xüsusi qeyd edib. O deyib: “Biz qanlı cinayətlərdən, o cümlədən Xocalı soyqırımından danışmalıyıq. Erməni miflərinin məhv edilməsində xüsusi rol onların yalanlarına qarşı effektiv mübarizə aparmağa borclu olan diaspor təşkilatlarına məxsusdur”. (AZƏRTAC)

Oxşar xəbərlər