"Vətən səsi" xəbər verir ki, martın 16-da Azərbaycan Ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 3 dəfə atəşə tutulmasından sonra Avropa Birliynin bu ölkədəki missiyası sərhədə patrul göndərib. Ermənistan mətbuatında dərc olunan məlumatlara görə, patrul dəstəsi bir neçə saat davam edən müşahidələrdən sonra bəyanat yayıb. "Binokl" diplomatiyası"nın patrul xidməti “Vəziyyət sakit və sabit olaraq qalır, qeyri-adi fəaliyyət müşahidə olunmur”, - deyə bəyan edib.
Dünən isə Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən müşahidə missiyasının Laçın və Zəngilan istiqamətlərində fəaliyyətinin yeni görüntüləri yayılıb. Görüntülərdə şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanının Azərbaycana doğru irəlilədiyi əks olunur.
Azərbaycan tərəfi də missiyanın sərhəddəki fəaliyyətini diqqətlə izləyir. Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin sərhəd zonasının cənub-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə üç dəfə məlumat yaması da diqqətçəkən məqamlardandır.
Xatırladaq ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Elxan SALAHOV