"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli jurnalistlərlə söhbətində deyib. O, iddia edib ki, "Zəngəzur dəhlizi" ifadəsinin Ermənistanla heç bir əlaqəsi yoxdur: “Bununla belə, biz regional nəqliyyat marşrutlarının açılmasının tərəfdarıyıq. Regional kommunikasiya xətlərinin açılmasını ən çox müdafiə edən bizik. Nəqliyyat xətlərinə gəlincə, Ermənistan öz ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməyə hazırdırmı? Bəli, əlbəttə, hazırdır. Bu məsələ ilə bağlı Azərbaycana konkret təklif vermişik. Fikrimizcə, bu, sadəcə təklif deyil, dəmir yolu ilə yükdaşımaları baxımından problemi həll edən bir təklifdir. İndi biz Azərbaycanın cavabını gözləyirik”.
Paşinyan onu da əlavə edib ki, Türkiyədən “Marqara” sərhəd qapısından Ermənistan ərazisindən keçməklə, Azərbaycana avtomobil daşımalarını siyasi-hüquqi qərarla təmin etmək mümkündür: “Son məqaləmdə vurğulamışdım ki, başqa şərtlər və situasiyalarda infrastruktur sərmayələri tələb olunsa da, hazırda Türkiyədən “Marqara” sərhəd qapısından Ermənistan ərazisindən keçməklə, Azərbaycana avtomobil daşımalarını siyasi-hüquqi qərarla təmin etmək mümkündür. Burada infrastruktur hazırdır, yollar normal vəziyyətdədir. Bu marşrut Dığ sərhəd məntəqəsinə qədər uzanır və bu nöqtədən Ermənistandan Laçına - Azərbaycana keçməklə Azərbaycanın daxilinə getmək mümkün olur”.
Nikol Paşinyan deyib ki, Ermənistan və Azərbaycan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımağa mahiyyətcə razılaşıb. Onun sözlərinə görə, bu fakt sülh müqaviləsi layihəsinin razılaşdırılmış maddələrində bir daha öz təsdiqini tapıb: “Bu mətndə heç bir tərəfin digərinə qarşı ərazi iddiası olmadığı və gələcəkdə belə tələblərin olmaması üçün qarşılıqlı öhdəlik götürdükləri açıq şəkildə ifadə edilir. Bəs prosesin önündəki duman nədir?”
Paşinyan iddia edib ki, Bakının ortaya atdığı Qərbi Azərbaycan məsələsi, xüsusilə Ermənistanın zorla deportasiya etdiyi soydaşlarımızın tarixi vətənlərinə qayıdışı sülhə maneə yaradır. O, həmçinin Bakıda məhkəmələri davam edən erməni əsilli hərbi cinayətkarların mühakiməsini də bura aid edib: “Dörd ildir sülhlə bağlı məsləhətləşmələr aparırıq və bu prosesdə konkret nəticələr əldə etmişik. Sülhü daim diqqətdə saxlayaraq bu uğurları qorumağa çalışırıq. Əlbəttə, sülh sazişi çox mühüm təməl daşıdır. Artıq həm Ermənistan, həm də Azərbaycanda beynəlxalq müqavilənin imzalanması gündəmdədir. Üstəlik, sərhədlərin bəzi hissələrinin demarkasiyası başa çatıb. Başqa sözlə, prosesin istiqaməti bəllidir. Sülh planı masadadır, önəmli olan bu plandan geri çəkilməməkdir”.
Xatırladaq ki, Paşinyanın təklif etdiyi avtomobil yolu Qərbi Zəngəzurdan yan keçir. Əslində isə "Zəngəzur dəhlizi" ifadəsini belə söyləməkdfən qorxan erməni Baş nazirin niyyəti diqqəti kommunikasiyaların Azərbaycanın maraqları çərçivəsində həllindən yayındırmaqdır.
Elxan SALAHOV