"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 1992-ci ildən Ermənistanın nəzarətində olan və Azərbaycanla sərhəddə yerləşən Əskipara (ermənilər həmin yaşayış məntəqəsini Voskepar adlandırır) kəndinin inzibati rəhbəri İşxan Ağabalyan məlumatı təsdiqləyib. O, “Hraparak” nəşrinə açıqlamasında həmin ərazidə sərhəd xəttinin möhkəmləndirilməsi istiqamətində bəzi işlərin görüldüyünü sayləyib. Onun sözlərinə görə, yerli hökumətin göstərişinə əsasən, sakinlərin iş görüldüyü deyilən əraziyə daxil olmasının qadağan edildiyi bildirilib. Bununla belə, Ağabalyan həyata keçirilən işlərlə bağlı detalları açıqlamayıb.
Milli Təhlükəsizlik Xidməti də “Azadlıq” radiosunun Ermənistan bürosunun sorğusuna cavab olaraq məlumatı tədiqləyib: “Tavuş vilayətinin Voskepar kəndində Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiya olunmuş ərazisində tikanlı məftillərdən sədd çəkilməsi üzrə işlər aparılır. Bu prosesin həyata keçirilməsi və insanların təhlükəsizliyinin təmin edilməsi üçün hazırda sakinlərin bu əraziyə daxil olması məqsədəuyğun hesab edilmir”.
Voskepar kəndi Azərbaycanla 1990-cı illərin əvvəllərində Ermənistanın nəzarətinə keçən Azərbaycanın Yuxarı Əskipara kəndi arasında yerləşir. Bu yaşayış məntəqəsinə nəzarətin Ermənistanın əlində olması Azərbaycanın bir neçə kəndini əsas torpaqlardan ayıraraq eksklava çevirib. Kənd Azərbaycanın Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri arasında yerləşir və bu kəndlərin hamısı hazırda Ermənistanın nəzarətindədir.
Xatırladaq ki, yanvar ayında Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilən görüşdə sərhədin delimitasiya və demarkasiya prosesinin Gürcüstandan İrana kimi davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən mətbuata açıqlamasında Azərbaycanla sülh razılaşmasının əldə olunması istiqamətində işlərin davam etdiyini bildirib. O, deyib ki, Ermənistan rəsmi Bakının sülh müqaviləsi layihəsi üzrə 12-ci redaksiyasına da cavab göndərib.
Elxan SALAHOV